Təşkilatın bütün maraqlı şəxslərinin müraciəti imzaladığı bildirilir
Beynəlxalq insan hüquqları təşkilatı olan “Amnesty International” Azərbaycanda həbs edilmiş iqtisadçı Qubad İbadoğlunun müdafiəsi üçün kampaniyaya başlayıb.
Təşkilatın açıqlamasında bildirilir ki, İbadoğlunun həbsinə səbəb hökuməti tənqid etməsidir. Eyni zamanda, onun siyasi və ictimai fəaliyyətinə görədir:
“O cümlədən azərbaycanlı korrupsionerlərin həbs edilən xarici aktivlərindən azərbaycanlı tələbələr üçün vəsait ayırmağa çalışan fondun yaradılmasına kömək etdiyinə görə açıq-aşkar qisasdır”.
Açıqlamada bildirilir ki, Qubad İbadoğlunun səhhətində ciddi problemlər var. Həbsxananın pis şəraiti, üstəlik, lazımi tibbi yardım ala bilməməsi sağlamlığını riskə atır.
“Amnesty İnternational” təşkilatı Qubad İbadoğlunun azadlığa buraxılması tələbi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciətin mətnini dərc edib. Təşkilat bütün maraqlı şəxsləri onu imzalayıb, Azərbaycan rəhbərliyinə göndərməyə çağırıb.
“Qubad İbadoğlu qurama, saxta pul satmaq ittihamı ilə həbs edilib. O, ağır xəstədir, o cümlədən 2-ci dərəcəli şəkərli diabet və hipertoniya xəstəsidir. O, qeyri-insani və ləyaqəti alçaldan şəraitdə saxlanılır, keyfiyyətsiz içməli su və qidadan istifadə etməyə məcburdur, lazımi dərmanları vaxtında almır. Həbsdə onun səhhətinin vəziyyəti durmadan pisləşir”, – müraciət mətnində bildirilir. Eyni zamanda, bildirilir ki, həbs olunarkən İbadoğluya və onun həyat yoldaşı İradə Bayramovaya qarşı zorakılıq edən şəxslər cəzalandırılmalıdır. Sonda Azərbaycan rəhbərliyinə çağırış edilir ki, “hökuməti dinc şəkildə tənqid edənləri və fərqli fikirdə olanları mühakimə etmək üçün cinayət ədliyyə sistemindən sui-istifadəyə son qoyun”.