ABŞ Bakı və Yerevanı sülhə çağırır

ABŞ, Ağ Ev. Foto: ungvar/shutterstock

Con Kirbi: “Vaşinqton bu sahədə səylərini davam etdirir”

ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Vaşinqtonun Bakı və Yerevanın diplomatik yolla sülhə nail olmasına kömək etmək üçün səylərini davam etdirdiyini bildirib.

O, bu barədə “Turan”ın suallarına cavab verərkən danışıb.

Con Kirbi bu istiqamətdə müxtəlif səviyyələrdə dialoq və diplomatiyanın müəyyən səviyyəsini dəstəklədiklərini də vurğulayıb:

“Milli Təhlükəsizlik Şurasından Ceyk Sallivan və Dövlət Departamentindən Con Fayner bununla məşğul olurlar”.

“Onu nəzərdə tuturam ki, biz diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışırıq”, – deyə o əlavə edib.

Con Kirbi Laçın dəhlizilə bağlı Vaşinqtonun “dərin narahatlığını” da qeyd edib:

“Biz bu dəhlizin yenidən açılmasını istəyirik, Azərbaycan hökumətini dəhliz vasitəsilə kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin sərbəst tranzitini tezliklə bərpa etməyə çağırırıq”.

Con Kirbi. Mənbə: “justsecurity.org”

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının toplantısında sədr Linda Tomas-Qrinfild demişdi ki, Azərbaycanla Ermənistan arasında hazırkı sülh danışıqları bütün tərəflərdən yaradıcılıq, çeviklik və kompromis tələb edir:

İcazə verin, açıqlayım: regiondakı sülh Dağlıq Qarabağdakı adamların hüquqlarının qorunmasını və təhlükəsizliyini əhatə etməlidir”.

“ABŞ təmkinliyə və sülh prosesinə xələl gətirən istənilən fəaliyyətin dərhal dayandırılmasına çağırır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırıq. Beynəlxalq birlik dialoqu, davamlı və layiqli sülhü asanlaşdırmaq üçün diplomatik qarşılıqlı əlaqəni davam etdirməlidir”, – Tomas-Qrinfild deyib.

O, Bakını Dağlıq Qarabağ əhalisinin nümayəndələri ilə danışıqlara çağırıb.

Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub?

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ Bakı və Yerevanı sülhə çağırır