Rəsmi Bakı Yerevanın iddialarını əsassız sayır
Avqustun 16-da BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə Dağlıq Qarabağdakı humanitar vəziyyəti müzakirə edəcək.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
“Ermənistanın tələbi ilə görüş avqustun 16-da saat 15:00-da keçiriləcək”, – məlumatda deyilir.
Ermənistan Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edəcəyi bildirilir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 14-də yaydığı bəyanatda qeyd olunub ki, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir:
“Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. Yerevanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir”.
Nazirlik bildirib ki, son üç ildə Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib:
“Ermənistanın bu səyləri “blokada” kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.
Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib”.
XİN hesab edir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur:
“Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməni əsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir”.
Avqustun 7-də BMT-nin bir qrup insan hüquqları üzrə məruzəçisi Dağlıq Qarabağ regionunda humanitar böhrana səbəb olan Laçın dəhlizinin Azərbaycan tərəfindən davam edən blokadası ilə bağlı narahatlığını ifadə ediblər.
Onların yaydığı bəyanatda deyilir ki, son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq, dərman və gigiyena vasitələri qıtlığı ilə üz-üzə qoyub.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.