Keçmiş bankirin səhhətinin pisləşdiyini deyən Əminə Hacıyeva prezidentə müraciət etdi
Beynəlxalq Bankın 8 ilə yaxındır ki, həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva son bir ildə qardaşının sağlıq durumunun pisləşdiyini deyir. Onun sözlərinə görə, Cahangir Hacıyevin xroniki xəstəlikləri kəskinləşib, tez-tez tutmaları olur.
Bundan başqa, həm də yaşadıqları yeganə evi itirmək təhlükəsiylə üzləşdiklərini deyən Əminə Hacıyeva hər iki məsələ ilə əlaqədar dövlət başçısına müraciət edib:
“Yaşlı vaxtımızda bizi evsiz qalmaq təhlükəsi gözləyir. Cahangirin mənim də yaşadığım mənzildən və bağdan başqa heç nəyi yoxdur. “Aqrarkredit” Mülki Məcəlləni, İcra Məcəlləsini, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarını pozaraq, son yaşayış yerimizi əlimizdən alır. Bu, Cahangirin yeganə yaşayış yeridir və 90-cı illərin ortalarında alınıb. Azərbaycan qanunlarına əməl edilməsilə bağlı mənim bütün cəhdlərimə işarə edirlər ki, bu, yuxarının göstərişidir. Mən heç zaman inanmaram ki, qardaşımın yeganə yaşayış yerinin əlindən alınması sizin göstərişiniz olsun. Qəti əminəm ki, bu hərəkətlər “Aqrarkredit”dən və onunla əlaqəli təşkilatlardan qaynaqlanır. Odur ki, bu ağır vəziyyətdə bizə kömək etməyinizi xahiş edirəm”, – Əminə Hacıyeva məktubunda yazıb.
Qardaşının səhhətilə bağlı məsələyə toxunan Əminə Hacıyeva bildirir ki, Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə onun xəstəlikləri üzrə ixtitsaslaşmış həkimlərin gedib onu müayinə etməsinə çalışıb. Lakin buna icazə verilməyib:
“İxtisaslı həkimlərin onun yanına buraxılmasıyla bağlı bütün cəhdlərim və müraciətlərim nəticəsiz qalıb…”.
Cahangir Hacıyevin səhhətində problemlər olduğunu onun vəkili Fəxrəddin Mehdiyev də Meydan TV-yə təsdiqləyib. Vəkil bildirib ki, keçmiş bank rəhbəri bir sıra xəstəliklərdən əziyyət çəkir.
2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev indiyədək iki dəfə mühakimə olunub. Son nəticədə onun üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Cahangir Hacıyev rəhbərlik etdiyi bankdan milyardlarla manatlıq mənimsəmədə ittiham olunur.
Lakin Cahangir Hacıyev özünü təqsirli bilmir. O, məhkəmədə bildirmişdi ki, maliyyə naziri Samir Şərifovun onunla konflikti nəticəsində həbs olunub. Onun sözlərinə görə, Beynəlxalq Bankın Müşahidə Şurasına maliyyə nazirinin müavini sədrlik edirdi. Müşahidə Şurasının yazılı razılığı olmadan milyonlarla kreditin kiməsə verilməsi mümkün deyildi.