Tiny Kox Qarabağda humanitar vəziyyət və insan haqları ilə bağlı narahatlığını ifadə edib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Tiny Kox iyulun 31-də Dağlıq Qarabağla bağlı bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, o, Dağlıq Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin daha da pisləşməsini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsinə Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya təşkil etmələrini xahiş edib:
“2022-ci il dekabrın 12-dən etibarən Laçın dəhlizinə sərbəst və təhlükəsiz girişin olmaması səbəbindən ermənilərin yaşadıqları və təsirləndikləri vəziyyəti qiymətləndirmək üçün missiyanın gəlməsi vacibdir”.
Tiny Kox bildirib ki, o, Avropa Şurası Baş katibinin 28 iyul 2023-cü ildə səsləndirdiyi dialoq çağırışına qoşulur, həm Azərbaycanı, həm də Ermənistanı Avropa Şurasına üzv dövlətlər kimi, nəhayət, 1991-ci ildə üzvlüklə bağlı götürdükləri qarşılıqlı öhdəlikləri yerinə yetirməyə çağırır:
“Gərginliyi azaltmaq və ölkələri arasında sülhü bərpa etmək üçün bu, vacibdir”.
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal edilib.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətinə nəzarəti bərpa edib, lakin tərəflər arasındakı döyüşlər bitməyib.
Atəşkəs razılaşmasından sonra da ikisi böyük olmaqla, tərəflər arasında tez-tez atəşkəs rejimi pozulur, itkilər olur.
Bu prosesdə tərəflər bir-birini günahlandırır.