Usta və digər xərclər də artıb
Bakının Hövsan qəsəbəsində kirayədə yaşayan Rasim Mahmudov deyir ki, uzun illərdən sonra aldığı torpaqda indi ev tikdirə bilmir. Səbəb isə gündən-günə qalxan qiymətlərlə aldığı müəllim maaşının uyğunsuzluğudur.
“21 ildir müəllim işləyirəm. Hər ay maaşımdan yığdığım pul Bakı kəndlərinin birində 5 sot torpaq almağa çatdı. Hasar hörülməlidir. 800 daş hörülməlidir. Ustalar 1 daşı ən azı 40 qəpikdən qoyur. Günlərdir ucuz usta tapa bilmirik”, – Rasim Mahmudov deyir.
Onun sözlərinə görə, müəllim maaşı ilə 10 ilə, hətta Bakının ucqar kənd və qəsəbələrində belə ev tikdirmək mümkün deyil:
“Ötən ildən bu yana daşın hörülməsi işi 50 faiz bahalaşıb. Günəmuzd fəhlə pulu 10 manatdan 15 manatadək qalxıb. Məsələn, 700 daş 350 manat edir. Mən hələ sement, qum və digər xərcləri nəzərə almıram. Türkiyədə baş verən zəlzələdən sonra torpaq da bahalaşıb”.
Ev dəllalı Cəlal Səmədov deyir ki, zəlzələ evlərin bahalaşmasına az da olsa təsir göstərib. Bununla belə, bahalaşma fonunda mənzil bazarında durğunluqdur.
“2 ayda cəmi 3 mənzil sata bilmişik“,- Səmədov deyib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Meydan TV-yə bildirib ki, ümumilikdə mənzil bazarında bahalaşma müşahidə edilir. Amma bunun Türkiyədə və Xəzər dənizində bu yaxınlarda baş verən zəlzələ ilə əlaqələndirilməsi yanlışdır. May ayından başlayaraq fərdi yaşayış evlərinə tələbat artır.
”Qiymət artsa da, əmlak bazarında aktivlik yoxdur. Bakı və Abşeronda mərkəzə yaxın ərazilərdə ev tikintisi üçün yararlı torpaq sahələri qalmayıb. Qalan torpaqların da sənədləri qaydasında deyil. Bu baxımdan fərdi evlər, o cümlədən tikinti materiallarının qiyməti artıb”,- ekspert deyib.
O qeyd edib ki, son 4-5 ildir kredit şərtləri ilə mənzil satışının artdığı müşahidə edilir. Xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin çıxarışı olmadığından kreditlə alqı-satqısı mümkün olmur. Bu baxımdan alıcı qüvvəsi daha çox kredit qoyula bilən əmlaklara yönəlib.
Elnur Fərzəliyevin sözlərinə görə, satılan əmlakın maksimum 5-6 faizi fərdi evlərin payına düşür, yerdə qalanlar bina evləridir. Fərdi yaşayış evlərinin kreditlə satışı üçün həm torpağın, həm də torpağın üzərindəki tikilinin “Çıxarış”ı tələb olunur.
Tikinti materiallarına gəldikdə isə satıcılar deyir ki, taxtanın qiyməti enib. Ötən il bir kubu 390-480 manat arasında dəyişirdisə, hazırda tikinti bazarında taxta 290-300 manatadək enib. Digər tikinti materialları, o cümlədən usta və digər xərclər isə artıb.
Rəsmi statistikaya görə, 2022-ci ildə çoxmənzilli yaşayış binalarında satılan mənzillərin böyük hissəsi ipoteka, bankdaxili və tikinti şirkətləri tərəfindən daxili kreditlər şərtləri ilə satılıb. Ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqavilələrinin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 64 963 olub. Bu məlumat yalnız çıxarışlı mənzilləri əhatə edir. İpoteka kreditlərinin şərtləri ağır olduğundan əksər şəxslər faiz dərəcəsinin yüksək olmasına baxmayaraq, daxili kreditlərlə satılan mənzillərə daha çox müraciət edirlər. Bu prosesin uzun illərdir davam etməsini nəzərə alsaq, ölkədə yüzminlərlə daşınmaz əmlak girovdadır.