Vəkilin qətlə səbəb olan bıçaqla bağlı dedikləri təqsirləndirilənin ifadəsi ilə uyğun gəlmədi
Meyxana aləmində Rəşad Dağlı kimi tanınan və qətldə ittiham olunan Rəşad Əmirovun məhkəməsi yekunlaşıb. İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, meyxanaçı 9 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrilə təqsirli bilinib.
Hökmdən əvvəl onun vəkili çıxış edib. Vəkil iddia edib ki, Rəşad Dağlı hadisədən öncə mağazadan bıçağı mərhum İsgəndər Mehdiyevin təkidiylə alıb:
“Çünki İsgəndər Mehdiyevin bıçaq kolleksiyası vardı. O, Rəşad Əmirovu da onun haqqında söz-söhbəti yayan adamlarla görüşdürmək adıyla çağırıb. Sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı bıçaq İsgəndər Mehdiyevin əlində olub. Rəşad Əmirov bıçağı alıb, özünü müdafiə edərkən bu hadisə baş verib”.
Meyxanaçı özü də, bıçaq satılan mağazanın sahibi də məhkəmədə dindirilərkən təsdiqləyib ki, Rəşad Dağlı bıçağı hadisədən əvvəl – gecə saat 1 radələrində gedib alıb.
Vəkil əlavə edib ki, zərərçəkmiş tərəflə barışıq əldə olunub.
Meyxanaçı özü də hökmdən əvvəl son sözünü deyib:
“Cəmiyyət arasında olmuşam, məhkumluğum olmayıb. Xalqımın, dövlətimin ağır günlərində onun yanında olmuşam. Himayəmdə iki azyaşlı övladım var. Onlar ödənişli təhsil alırlar. Uzunmüddətli həbs cəzasına məhkum edilsəm, təhsilləri yarımçıq qala bilər. Bütün bunların nəzərə alınmasını xahiş edirəm”.
Onun son sözündən sonra Leyla Əsgərova-Məmmədova, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyasının müşavirəsi təxminən iki dəqiqə çəkib. Ardınca onlar qayıdıb hökmü elan ediblər.
Ötən məhkəmə iclasında prokuror Rəşad Dağlının 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Rəşad Dağlı məhkəmədə ifadəsində bildirib ki, Yasamalda qonşuluqda yaşayan İsgəndər Mehdiyevi söyüş və şantajla pul tələbinə görə qətlə yetirib.
Hadisə Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında baş verib.
Meyxanaçının dediyinə görə, maşında aralarında mübahisə yaranıb, İsgəndər Mehdiyev onu təhqir edib, onu bıçaqla vurmaq istəyib:
“Mən cəld tərpənib bıçağı əlindən aldım, onu vurdum. Bir də baxdım ki, qan içindədir. Özümdə deyildim…”.
O əlavə edib ki, sonradan qardaşıgilə gəlib, onunla birlikdə polis idarəsinə gedərək, təslim olub.
İsgəndər Mehdiyevin qardaşı məhkəmədə zərərçəkmiş qismində dindirilərkən deyib ki, Rəşad Dağlıdan şikayətçi deyil.