Qurum rəsmisi bununla bağlı paylaşım edib
Aİ tanınmış alim və fəal Qubad İbadoğlunun həbsi ilə bağlı baş verənləri diqqətlə izləyir.
Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Nabila Massrali “Twitter” hesabında belə yazıb.
“Biz onun dərman vasitələrinə çıxışını təmin etməyə, onu tez bir zamanda azad etməyə və hüquqlarına, o cümlədən lazımi prosedur hüququna hörmət etməyə çağırırıq”, Aİ rəsmisi bildirib.
Bir gün öncə “Human Right Watch” insan haqları təşkilatı Qubad İbadoğlunun həbsini pisləyən bəyanat yayıb.
İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.
Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.