ADR partiyasının sədrinin mənzilində axtarış aparılıb
İyulun 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları həbsdə olan iqtisadçı Qubad İbadoğlunun Yasamal rayonundakı mənzilində axtarış aparıb.
Bu barədə Meydan TV-yə danışan Qubad İbadoğlunun xanımı İradə Bayramova bildirib ki, onların 6 ildir yaşamadıqları evdən köhnə kompüterləri aparıblar:
“Bilmirəm, nə axtarırdılar”.
İradə Bayramova axtarış zamanı onu mənzilə buraxmadıqlarını deyib:
“Evdə Qubad bəyin anası olub, o da xəstədir”.
İ.Bayramova onun BMCMİ-yə aparılması haqda yayılan məlumatın doğru olmadığını bildirib:
“Məni Qubad bəy saxlanılan gün aparmışdılar, bu gün yox”.
Həyat yoldaşı Qubad İbadoğlu həbs olunduğu gündən onunla danışa bilmədiyini, paltar və sovqatın yanına buraxılmadığını da vurğulayıb.
İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.
Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.