Milli Platforma iqtisadçının dərhal azad edilməsini tələb edir
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun həbsini pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Milli Platformanın 2012-2014-cü illərdə milli əlaqələndiricisi olmuş və hazırda üzvü olan Qubad İbadoğlunun həbs edilməsini pisləyir və onun dərhal azad edilməsini tələb edir.
Eyni zamanda, Milli Platforma bəyan edir ki, Q.İbadoğlu və həyat yoldaşı İradə Bayramovanın Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması zamanı zorakılıq və qeyri-insani rəftara məruz qalması qəbuledilməzdir. Milli Platforma hökuməti bu faktı operativ və hərtərəfli araşdırmağa çağırır.
Milli Platforma hesab edir ki, Q.İbadoğlunun təqibə məruz qalaraq həbs edilməsi onun siyasi fəaliyyəti, hökumətin iqtisadi siyasəti ilə bağlı davamlı tənqidi çıxışları, eyni zamanda təsisçisi olduğu Demokratiya və Rifah Partiyasının fəallığının artması və s. fəaliyyəti ilə bağlıdır.
Buna əlavə olaraq, Milli Platforma bəyan edir ki, ‘Siyasi partiyalar haqqında’ yeni qanunun 11 yanvar 2023-cü il tarixində qüvvəyə minməsindən sonra ölkədə siyasi mühit daha da daralıb, partiyaların fəaliyyətinə əhəmiyyətli məhdudlaşma və təzyiqlərin nəticəsi kimi bir çox siyasi partiya fəaliyyətini dayandırdığını elan edib.
“Qeyd olunanları nəzərə alaraq, biz Milli Platforma olaraq Azərbaycan hökumətindən siyasi fəallara qarşı əsassız təqiblərə son qoymağı və Qubad İbadoğlunu dərhal azad etməyi tələb edirik. Nəhayət, Avropa Siyasi İcmasının nəzərinə çatdırırıq ki, vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün inkişaf edən və inklüziv siyasi mühitin təmin edilməsi, Azərbaycanda demokratiya, ifadə azadlığı və insan hüquqları prinsiplərinin dəstəklənməsi vacibdir”.