İqtisadçılar hesab edir ki, şirkətlərin eyni gündə qiyməti artırmasında hökumətin istəyi var
Bakıda fəaliyyət göstərən bir neçə taksi şirkəti gedişhaqlarını artırıb.
“Uber”, “Bolt” və “Yango” taksi xidməti şirkətlərinin yaxın məsafələrə gedişlər üçün minimal məbləği 1.20-1.60 AZN-dən 2,50 AZN-ə qaldırılıb.
Bir-biri ilə rəqabət aparan şirkətlər niyə eyni gündə eyni qərarı verdilər? Meydan TV hər üç şirkətə bununla bağlı sorğu göndərsə də, hələlik cavablandırılmayıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Qanunlara görə, hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz:
“Əgər eyni gündə üç müxtəlif taksi xidməti şirkəti eyni qiymət təyin edirsə, deməli, bunu hökumət istəyib. Əslində bu, biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir”.
“Hətta bazara yeni daxil olmuş “Uklon” taksi şirkətinə lobbiçilik edir. Çünki bu gün qiyməti artıran şirkətlər sırasında “Uklon” yoxdur. Bundan başqa, “Uklon” şirkəti klassik “dumping”-lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxartsın. Məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar, onlar isə gedib, məhəllə dükanlarında mağaza sahibləri – yiyəsiz Tükəzban xalaya, Mamed dayıya cərimə yazmaqla məşğuldurlar”, – iqtisadçı deyib.
İqtisadçı Akif Nəsirli də Meydan TV-yə deyib ki, üç taksi şirkətinin eyni vaxtda qiyməti qaldırması, hakimiyyətin məsələdə maraqlı olmasından xəbər verir:
“Bir neçə aydır ki, Azərbaycan hökuməti müxtəlif vasitələrlə, öz maraqlarına görə taksi şirkətlətinin qiymətlərini qaldırmağa cəhd edir. “Dövlət rüsumu haqqında” qanuna edilən əlavə və dəyişikliklər bundan xəbər verir. Rəşad Nəbiyev hətta çıxışında dedi ki, Azərbaycanda taksi xidmətləri çox ucuzdur. Taksi xidməti əlçatan olmamalıdır. Görmüşük ki, inkişaf etmiş normal ölkələrdə dövlət məmurları həmişə vətəndaşların tərəfindən danışır, onları müdafiə edir. Onun sahəsinə dair fəaliyyət göstərən şirkətin yaxasından yapışır ki, vətəndaşın haqqını tapdalama. Amma bizdə tərsinədir”.
“Üç taksi şirkətinin eyni vaxtda qiymətləri qaldırması, inhisarçılığa doğru addımdır, buna gedən yoldur. Bunu hökumət özü dəstəkləyir. Hökumət istəyir ki, Bakıdakı taksi şirkətləri bir əldə cəmləşsin. Bu sahədə, inhisarlaşsın. Bir neçə ay ərzində görülən tədbilər- nazirin açıqlaması, ardınca Milli Məclisdə qanunvericiliyə dəyişikliklərin edilməsi- bunlar hamısı taksi xidməti seqmentinin inhisarlaşmasına planlaşdırılıb. Yaxın aylarda taksi şirkətləri bir-bir Azərbaycan bazarından tərk edəcək. Digər sahələrdə olduğu kimi, yerli inhisarçılar meydana çıxacaq”.
2022-ci ilin mayında “Bolt” taksi xidmətinin sürücüləri yaxın məsafələrdə olan gedişhaqlarının az olmasına etiaz olaraq boykot etmişdilər.
Lakin şirkət tərəfindən əməkdaşların istəyi yerinə yetirilməmişdi.
2023-cü il mayın 3-dən “PASHA Holding”in Azərbaycanın “taksi bazarı”na da daxil oldu.
Holdinqin “Umico” brendi (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başladı.
O vaxtdan da taksilərlə bağlı məsələ rəsmi səviyyədə gündəmə gəldi.
Milli Məclisdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirdi ki, taksi sahəsində qiymətlər qalxacaq.
Nazirin sözlərinə görə, dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər taksi xidməti yoxdur. Məqsəd taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır.
2023-cü il iyulun 17-də “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat təşkil edəcək.
Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.
Həmçinin İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik edilib.
Taksi sürücüsü haqqında, o cümlədən hər bir taksi sifarişi üzrə məlumatları informasiya sisteminə ötürməyən vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək.
Taksilərə rəqəmsal taxoqraf cihazı quraşdırılacaq.
Həmin cihaz vasitəsilə avtomobilin sürətinə, hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınacaq.
Bu dəyişiklik “Avtomobil nəqliyyatı haqqında” Qanunda əksini tapıb.
Taksi avtomobillərinə gediş haqqının məbləğinin hesablanması üçün taksometr də quraşdırılacaq.
Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərinin sayı beşdir:
“Uber” (Rusiya, “Yandex”), “Bolt” (Estoniya), “Yango” (Rusiya, “Yandex”), “Maxim” (Azərbaycan), “Uklon Azərbaycan”(“Umico”, “PAŞA Holding”).
Dövlət Statistika Komitəsindən (DSK) məlumatına görə, may ayı ilə müqayisədə iyun ayında taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşımada qiymət artımı olub.