BQXK avtomobillərinin Laçından keçidi dayandırılıb (yenilənib)

Laçın yolu. Foto: DSX

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan ittihamlarından xəbərdar olduğunu açıqlayıb.

Bu barədə komitənin yaydığı bəyanatda qeyd olunur.

Bildirilir ki, BQXK-ya məxsus avtomobillərin heç birində icazəsiz əşya aşkar edilməyib:

Daşınan bütün mallar Azərbaycan Respublikası tərəfindən gömrük yoxlamasından keçir”.

Komitə təəssüflənib ki, onlardan xəbərsiz 4 muzdlu sürücü müvəqqəti olaraq BQXK-nın loqosu olan şəxsi avtomobilləri ilə ticarət mallarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd ediblər:

Həmin şəxslər BQXK-nın işçiləri olmayıblar və onlarla bağlanmış xidmət müqavilələrinə dərhal xitam verilib. Laçın dəhlizində işimiz həmişə və müstəsna olaraq humanitar xarakter daşıyır. Bu həyati vacib işin tərkib hissəsi kimi 600-dən çox xəstə təcili tibbi yardım üçün Ermənistana gətirilib, yerli tibb müəssisələrinə və ailələrə dərman, qida, uşaq qidası və digər zəruri mallar verilib”.


DSX humanitar təşkilatı Azərbaycan qanunlarını pozmaqda günahlandırıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi dayandırılıb.

Səbəb kimi BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi göstərilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX)  iyulun 11-də yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan qanunlarını kobud şəkildə pozmaqla yanaşı, həm də humanitar təşkilat olan BQXK-ya etimaddan sui-istifadə edib.

Bildirilir ki, məsələ barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb:

“Əldə olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb”.

DSX ötən müddətdə BQXK-ya aid nəqliyyat vasitələrində qanunsuz aşkar olunan malların adlarını yayıb.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Ana səhifəSiyasətBQXK avtomobillərinin Laçından keçidi dayandırılıb (yenilənib)