Britaniyalı məşhur iş adamı, xeyriyyəçi və Mühafizəkarlar Partiyasının ianəçisi 55 yaşlı Cavad Marandinin xarici ölkələrdəki şübhəli fondlardan on milyonlarla dollar aldığı aşkar edilib. Bu barədə məlumatı rəsmilər üzə çıxarıb.
O, uzun müddətdir ki, kimliyinin üzə çıxarılmasının reputasiyasına xələl gətirəcəyi ilə bağlı etiraz edib və onun bu addımı uğurlu nəticələnib. Belə ki, məhkəmə sənədlərində onun kimliyi yalnız “MNL” kimi görünür.
Bu gün artıq bir ildən çoxdur ki, davam edən məhkəmə işləri və müraciətlərdən sonra mediada onun adının çəkildiyi xəbərlərə mane olan məhdudiyyətlər aradan qaldırılıb.
Marandinin adının ictimaiyyətə açıqlanması ilə bağlı məhkəmə işi “BBC” və “Evening Standard” media qurumları tərəfindən qaldırılıb. Onun adının açıqlanmaması ilə bağlı tələbləri Westminster Məhkəməsi, Ali Məhkəmə və bir sıra apelyasiya məhkəmələri tərəfindən ləğv edilib.
Əməliyyatlar başqa bir araşdırmanın bir hissəsi kimi üzə çıxarılıb və Marandiyə qarşı heç bir cinayət işi irəli sürülməyib.
Şərh tələblərinə cavab olaraq, onu təmsil edən hüquq firması “hər hansı bir qanun pozuntusunu qəti şəkildə rədd etdiyini” və “məhkəmənin xəbər hazırlanması ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarına görə dərin məyusluq duyduğunu, çünki bunun onun reputasiyasına vura biləcəyi zərərdən xəbərdar olduğunu” bildirib.
Uşaq ikən inqilab baş verən İrandan Londona qaçan Marandi uğurlu bir sahibkar kimi yetişib. O, “Soho House” adlı bir qrup özəl üzvün əhatə olunduğu klublara, həmçinin “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi dəbdəbəli moda və dizayn brendlərinə sərmayə yatırıb.
Onun Azərbaycanda 20-dən çox “McDonalds” restoranı və bir çox beynəlxalq brendin distribütorluğunu həyata keçirən siqaret firması var. Britaniyanın hüquq firmasının verdiyi məlumata əsasən siqaret biznesi onun əsas gəlir mənbəyi hesab olunur.
Bununla yanaşı o, hakim Əliyevlər ailəsinə məxsus Azərbaycanda nəhəng daşınmaz əmlak şirkəti olan “Pasha İnşaat”ın idarəetmə təfədaşı olub.
Bununla belə, Milli Cinayət Agentliyinin (MCA) məlumatına əsasən, Marandi 2017-ci ildə OCCRP-nin üzə çıxardığı əsasən çirkli pulların yuyulması sistemi olan “Azərbaycanın Pulyuyan Maşını”ndan vəsait əldə edən ofşor şirkətlərdən şübhəli hesab edilən məbləğdə, yəni 230 milyon dollardan çox pul alıb. Marandi 71 milyon dolları birbaşa alıb, bu məbləğin qalanı isə nəzarət etdiyi ofşor şirkətinə göndərilib.
“Azərbaycanın Pulyuyan Maşını” pulun mənşəyini gizlətmək üçün saxta əməliyyatlar həyata keçirərək, valyutanı transfer edən bir-biri ilə əlaqəli ofşor şirkətlər sistemi olub. Bu səbəblə çox vaxt o sistem vasitəsilə ötürülən milyonlarla dolların mənbəyini müəyyən etmək mümkün olmayıb. Lakin Estoniyadan bank çıxarışlarını əldə edən jurnalistlər vəsaitlərin bir hissəsinin hara göndərilməsi ilə bağlı məlumatları bir araya toplaya biliblər. Alıcılar arasında Azərbaycanın hakim elitasının tanınmış üzvləri, o cümlədən Əliyevlər ailəsinin üzvləri və onlarla əlbir olan şəxslər var.
MCA-nın araşdırması Marandi ilə yox, Azərbaycanın nüfuzlu siyasətçisi Cavanşir Feyziyev və onun ailəsilə bağlıdır. Agentlik Feyziyevlər ailəsinin üzvlərinə məxsus milyonlarla funt-sterlinqə əl qoyulması üçün hakimin razılığını ala bilib, çünki pullar “pulyuyan maşın” vasitəsilə göndərilib.
Ancaq agentlik Feyziyevlə bağlı araşdırma apararkən Marandi ilə bağlı məlumata da rast gəlib. Məhkəmə zamanı onun da istintaqa cəlb olunub-olunmaması ilə bağlı suala MCA-nin təmsilçisi cavab olaraq bildirib ki, o bunu “təkzib və ya təsdiq edə bilməz”.
MCA həmçinin müəyyən edib ki, Marandi Feyziyev və prezident Əliyevin həyat yoldaşının qohumu Mircəlal Paşayevlə “pulyuyan maşın”dan milyonlarla vəsait əldə edən Azərbaycanın böyük əczaçılıq şirkətinin şəriki olub.
Adıçəkilən “Avromed” şirkəti əvvəllər ancaq Feyziyevin şirkəti kimi tanınıb. O, şirkətin təsisçilərindən biri olub, lakin 2015-ci ildə Azərbaycan parlamentinə deputat seçildikdən sonra öz hissələrindən imtina etdiyini bildirib. “Avromed” səhmdarlarının kimliyini açıqlamır və onların arasında Marandi və Paşayevin də olması əvvəllər məlum olmayıb.
Kommersiya uğurlarına əlavə olaraq, Marandi imkansız uşaqlara dəstək olmaq üçün xeyriyyə təşkilatının həmtəsisçiliyini edib və “The Telegraph” qəzetində maaşların artırılmasını tələb etdiyi məqalə yazaraq özünü Böyük Britaniyada göz önünə çıxara bilib.
O, 2014-cü ilin may ayından 2020-ci ilin noyabr ayına qədər Mühafizəkarlar Partiyasına 750.000 funt sterlinqdən çox ianə bağışlayıb. Bu, MCA-nın şübhəli hesab etdiyi vəsaitlərin Marandi tərəfindən alındığı dövrü əhatə edir.
Ailənin sözçüsü MCA-nın Feyziyevlər ailəsinin üzvlərinə məxsus milyonlarla funt-sterlinq pula əl qoyması məsələsinə toxunaraq bunları deyib:
“Çünki onlar iddiaların əksəriyyətində uğur qazanmaqdan və nə Cavanşir Feyziyevin, nə də digər respondentlərin korrupsiyaya qoşulmadığının məhkəmə tərəfindən təsdiq edilməməsindən məmnundurlar”.