Samirə Bayramova və Ceyhun Məhəmmədəli – kim, nə vaxt və hardan başladı?
“Xarici agentlər haqqında” və ya elə etirazçıların da adlandırdığı kimi “rus qanunu” qanun layihəsinin parlamentdə müzakirəsi Gürcüstanda xalqı meydanlara tökdü. Nə havaların soyuq olması, nə həmin havada xüsusi polis dəstələrinin islatdığı, hansı ki, həmin şəxslər evə gedib əyinlərini dəyişib yenidən meydana qayıdrıdılar, nə də yalnız şüarlar səsləndirən dinc əhaliyə püskürtülən qaz etirazçıların müqavimətini qıra bilmədi. Nəticədə hakim Gürcü arzusu parlamentdə müzakirəyə çıxartdığı qanun layihəsini geri çəkməyə məcbur oldu. Özünə görə müxtəlif hadisələrlə yadda qalan bu aksiyalar daha bir məsələ ilə yaddaşlara həkk olundu.
Parlament üzvü olaraq bu qanuna imza atan etnik azərbaycanlı iki millət vəkili Zaur Darğallı və Savalan Mirzəyevlə yanaşı, bu etirazlarda yer alan və çıxışlarını ana dilində Gürcüstana, eləcə də dünyaya çatdıran daha iki fəalın adı ilə – Samirə Bayramova və Ceyhun Məhəmmədəli ilə – qaldı. Onlar haqqında nə bilirik?
Samirə Bayramova 34 yaşlı ictimai fəal və hüquq müdafiəçisidir. Gürcüstanın Marneuli şəhərinin Gorarxa elindən Algeti kəndindəndir. Orta təhsilini Ayvaz Dursunoğlu Həsənov adına Algeti liseyində alıb. Sonra isə təhsilini hüquqşünaslıq ixtisası üzrə Tiflis Avropa Universitetində alır. İctimai proseslər və cəmiyyətlə bağlı düşüncələri onu ikinci təhsil almağa vadar edir. Tiflis Dövlət Universitetində sosial siyasi elmlər fakültəsinə daxil olur. Magistr təhsilini isə GİPA Universitetində dövlət idarəçiliyi sahəsi üzrə alıb.
İlk qığılcım
“Tam xatırladığım budur ki, ilk dəfə ictimai fəallığa və insanın nə edə biləcəyi, nəyi dəyişə biləcəyi motivasiyasını məktəbdə müəlliməmdən aldım. 5-ci sinifdə oxuyarkən həmişə müəyyən hadisələrə, ədalətsizliyə, eyni zamanda sosial problemlərə etiraz edirdim. Bəzən dərsə ona görə gecikirdim ki, yol çox pis idi və nəqliyyat yaxşı işləmirdi. Etiraz edirdim və bunu təbii ki, əsaslandırırdım. Bu zaman həyatımda, təhsilimdə çox böyük bir rolu olan Azərbaycan dili və ədəbiyyatı məllimim belə bir söz işlətdi ki, sən özün hər şeyi dəyişə bilərsən. O qədər qoçaq qızsansa yaxşı oxu, gələcəkdə ali təhsil al və hər şeyi dəyiş. Bu, məndə ilk dəfə fərqli bir motivasiya yaratdı ki, insan hər şeyi dəyişə bilər, hər şeyə qadirdir”.
“Kənddə insanlar həmişə deyir ki, burda doğulan insan hər hansı perspektivə malik deyil və olsa-olsa yalnız məktəbdə müəllim, ya da həkim ola bilər. Ondan uzaq insana düşüncə imkanı vermirlər. Kənddə doğulan insanların gələcəkdə hər hansı bir perspektivi yoxdur və onlar yalnız kiçik bir arzular qura bilər və bu arzularla yaşaya bilərlər”.
Samirə öz kəndindən kənara çıxmağı bacarmışdı, həm arzuları, həm də qazandığı uğurları baxımından.
Qadın olaraq fəal və ictimai xadim olmaq
Kiçik yaşlarından artıq etirazların gücünü anlayan Samirə öz həqiqətini çox tez kəşf edir: “Uşaqlıqda da görürdüm ki, etiraz edəndə bu insana ağır başa gəlirdi – valideynə etiraz etmək olmaz, sənin özünün fikrin olmamalıdır. Bəzən insanın içində bir hiss olur ki, o sənin ədalət hissindir, sənin həqiqətindir. O həqiqət sənə imkan vermir ki, susasan. O həqiqət sənə imkan vermir ki, fərqi yoxdur, ailədir və ya cəmiyyətdəki insanlardır, fəaliyyət göstərdiyin icitmiayyətdir, ona tabe olasan. Həmin hissdir ki, məni bugunədək gətirdi”.
Ailədə ən böyük dəstəkçisinin atası olduğunu bildirən aktivist arzularını gerçəkləşdirməkdə hər hansı maneə ilə qarşılaşmadığını deyir: “Atam mənə heç vaxt maneçilik yaratmayıb, nə təhsilimdə, nə işlərimdə, nə də ictimai fəaliyyətimdə. Sadəcə həmişə deyirdi ki, ehtiyatlı ol”.
Ailəsinin dəstək olduğu fəala yaşadığı mühit, olduğu cəmiyyət heç də dəstək nümayiş etdirməyib. “Qadının fəal olması, aktiv olması onlar üçün də yeni bir şey idi” deyən Samirə, yaşadığı bölgədənin cəmiyyətlə, siyasi fiqurlarla toqquşan belə bir nümunələrinin az olduğunu vurğulayır: “Ona görə də bu, insanlar üçün bu xoşagələn, məqbul hal deyildi. Mənim özümə təsir göstərirdilər, ailəmə təsir göstərirdilər, hansı ki, cəmiyyəti dəyişmək istəyirdim ona böyük təsirləri var idi və təbii ki, bunlar bu gün də bitməyib. Ancaq bu, bizim üçün bir növ baryerdir bəlkə də biz başqa ölkədə yaşasaydıq bu baryerləri keçməyə bu qədər resurs, bu qədər güc sərf etməzdik”.
Öz cəmiyyəti ilə mübarizəsini bir növ taleyi hesab edən gənc aktivist bunun bəzən çox yorucu, sarsıdıcı olduğunu da gizlətmir.
Kütlə ilə üz-üzə
Samirə artıq 14-15 ildir ki, ictimai fəallıqla məşğuldur. Gürcüstanda olan təşkilatlar, ictimai fiqurlarla, siyasi xadimlərlə fəaliyyətdən irəli gələrək yaxşı münasibətləri var. Gürcü cəmiyyətində aktiv fəaliyyəti, etnik azlıqların hüquqlarının qorunması sahəsindəki davamlı işləri, ümumiyyətlə, Gürcüstanda tolerant, demokratik, bərabərhüquqlu dövlət quruculuğunda iştirakı sonunda elə məhz onun da bu aksiyalarda çıxışı üçün dəvət almasına səbəb oldu.
“Ümumiyyətlə, gürcü cəmiyyətində etnik azərbaycanlılar haqqında danışanda həmişə xatırlayırlar və ondan irəli gələrək aksiyada çıxış üçün dəvət aldım. İlk aksiyada ictimai fəal olan şəxslər, ayrı-ayrı sahələrdə çalışan insanlar, hüquqşünas, həkim, ictimai mədəni xadimlər xalqa müraciət edirdi ki, nəyə görə biz Avropa inteqrasiya yolunda davam etməliyik, nəyə görə bu bizim üçün vacibdir. Təbii ki, azərbaycanlı cəmiyyəti də bu ölkənin ən böyük azlıqlarındandır, ən böyük xalqlarındandır. Və müvafiq olaraq mən də öz xalqım adından xalqımıza müraciət etdim”.
Gürcü cəmiyyətində danışmasına baxmayaraq öz dilimdə danışmaqdan çəkinmədiyini söyləyən S.Bayramova ana dilində də xalqa müraciət edir, bu, bəzi radikal qrupların xoşuna gəlməsə belə.
“Ümumiyyətlə, onlar qəbul etmirlər, etnik azlıqları, müəyyən dini azlıqları, aborigenləri, sənin dinini, dilini qəbul etmək istəmirlər. Buna etiraz edib tələb edəndə müəyyən bir qarşılıq görürük. Bu, demək olar artıq böyük bir kütləni əhatə etmir. Və artıq Gürcüstanda etnik azlıqların mədəniyyətlər, adətləri, kimlikləri haqqında kifayət qədər məlumatlıdırlar”.
Aksiyada çıxış üçün dəvət Samirəyə eyni zamanda da çətin görünüb: “Sözün düzü, o qədər kütlə qarşısına çıxmaq bəzən asan deyil, çünki orada o qədər insanı görmək, o qədər emossiyanı görmək, özün də o prosesin içində olarkən başqa hissləri, emosiyaları yaşayırsan. Bəzən çətin olur. Nə demək istədiyinin yerinə başqa bir ifadə işlədə bilərsən və bu təbii ki, sənin taleyini həll edə bilər. Hesab edirəm ki, alındı və o aksiyada da ictimaiyyətə çatdırmaq istəyirdim ki, biz Gürcüstan azərbaycanlıları Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıyıq və bizim vətənimiz buradır, biz burda doğumuşuq bəziləri bunu qəbul etmək istəsə də, istəməsə də və bu ölkədə bizim hər bir şeyə haqqımız çatır.
“Bizi qəbul etməyən qruplar var idi, hansı ki, yenə də var, mənim isə bu gün orda olmağım onu göstərir ki, biz Gürcüstan cəmiyyətində, Gürcüstan tarixində varıq və var da olacağıq. Mənim üçün təbii ki, o aksiyada öz dilimdə iştirak etməyim böyük bir şərəfdir. Dilim mənim yeganə kimliyimdir hansı ki, onu qorumaq böyük bir öhdəlikdir. Ümumiyyətlə, azərbaycanlı olaraq öz dilimi çox sevirəm və öz dilimdə danışmaqdan həmişə zövq alıram”.
Həmvətənlərinə Gürcüstan parlamentinin, qanunverici orqanının qarşısından səslənən Samirə deyir ki, istəyirdim, onlar da müvafiq olaraq öz dillərində Gürcüstanda baş verən bu prosesləri eşitsinlər və ən azından bir doğmalıq hiss etsinlər: “Maraqlı bir gün idi, emossiya dolu, sevgi dolu, uğur dolu, necə deyim, böyük bir motivasiya dolu. Ondan sonra çox insan əlaqə saxladı və çox insanla görüşdük. O insanların üzündəki sevinci, təbəssümü görmək mənim üçün bir qələbə idi”.
İlk aksiyalar…
İlk kütləvi aksiyalarda 2015-2016-cı illərdə iştirak etməyə başlayıb:
“İlk ictimai fəallığım uşaq hüquqları, xüsusən erkən nikahla bağlı idi. Bizim cəmiyyət üçün o qədər yad mövzu idi ki, çünki qəbullanmağa çalışırdılar bu adətdir və bu adəti mütləq yerinə yetirmək lazımdır. Nə vaxt ki, buna geniş şəkildə etiraz etməyə başladıq insanların acığına gəldi. Artıq məsələni yerli səviyyədə danışmırdıq, mərkəzi mediada, verilişlərdə çıxış edərək bu məsələni qabardırdıq. Kimlər ki, özlərini bu cinayətdə görürdülər, müvafiq olaraq özləri üçün yollar seçirdilər ki, hansı şəkildə mənə təzyiq etsinlər, hansı şəkildə mənim nüfuzuma təsir göstərsinlər”.
Təzyiq və təhdidlərin usandırmadığı fəal erkən nikahlar sahəsində elə öz bölgəsində işlərini davam etdirməkdən çəkinmir: “8-ci sinif şagirdinin məcburi evləndirmə faktı vardı. Media vasitəsilə qızın evlərinə və məktəbə getdik. O zaman qız və oğlan tərəfin ailələri bizə gəldilər, bizim evimizə hücum çəkdilər. Bu hücum zamanı da bu adətin ziyanlarını onlarla müzakirə etməyə çalışırdım”.
Erkən nikahlarla mübarizə onun kütləvi maneələrlə və qarayaxma kampaniyaları ilə qarşılaşmasının başlanğıcı olur: “Mənim haqqımda sosial şəbəkələrdə saxta hesablar vasitəsilə müəyyən əfsanələr uydururdular. Belə əfsanələr ki, azərbaycanlı mentalitetində, adətində qadına xas olmayan ifadələr istifadə edirdilər, müəyyən obrazlar yaradırdılar. Bilirdilər ki, cəmiyyətə təsir göstərən budur. Bizim kimi cəmiyyətlərdə qadının tərbiyəsi, onun abrı önəmlidir və bu istiqamətdən davam edirdilər. Ola bilsin ki, müəyyən qismə təsir edirdi, müəyyən qismə təsir etmirdi.
Və yaxud xəstəxanada həkimlər çalışırdılar ki, imicimizə zərər yetirsinlər. Çünki bir uşaq evləndirildikdən sonra hamiləlik, dünyaya uşaq gətirmə dövrü var. Həkimlər də buna məsuliyyət daşıyırdılar. Bir növ onlar da çalışrıdılar ki, məsələni gizlətsinlər, onlara da sərf etmirdi. Bəzən bu müəllimlər tərəfindən qınağa çevrilirdi, təəssüfedici idi ki, bizə elm verən insanlar bu kimi adamlara dəstək olmağa çalışırdılar, ört-basdır edirdilər.
“Cəmiyyətdə belə bir fikir uydururdular ki, mən gürcü dilini öyrəndim, gürcü dilinə inteqrasiya elədim, gürcüləşdim və öz xalqımın Gürcüstanda inkişafına, sayının artmasına mane olmaq istəyirəm. Düşmənəm, gürcü cəmiyyətinin yaratdığı bir agentəm və mənim haqqımda öz xalqına nifrət edən bir obraz yaratmağa çalışırdılar. Bunlar anlamırdılar ki, bir uşağın həyatını məhv etmək bir cəmiyyətin həyatını məhv etməkdir.
Bir çox hallarda uşaqlar həmişə elə fikrilərşirlər ki, onları valideyn dünyaya gətirdiyi üçün şəxsi məsələləri haqqında belə valideynləri qərar verməlidir. Onlar öz gələcəklərindən, arzularından vaz keçməlidirlər. Nə vaxt ki, biz onları başa saldıq bu, heç də belə deyil, sən insansan və sənin bir gələcəyin var, onlarda etirazlar yaranırdı. Bir çox belə keyslərimiz var ki, ailə çalışıb qızını məcburi şəkildə evləndirsin. Bizimlə görüşlərdə iştirak edən qızlarla sonradan individual görüşlərimiz olub ki, bunların böyük bir təsiri oldu. Həmin qızlar mübarizə aparıb ali məktəbə daxil oldular. Hətta olub ki, toy günü təyin edilmiş qızın biz həmin gün polisin köməyi ilə toyuna mane olmuşuq”.
“Rus qanunu” və Gürcüstan
“Ümumiyyətlə, Gürcüstanda artıq elə bir mərhələ başlayıb ki, Gürcüstan başlamış olduğu Qərb dəyərlərindən imtina etmək istəyir. Təbii ki, bu müasir Gürcüstan üçün çox çətin bir sınaqdır, çətin bir imtahandır. Biz illərdir ki, müasir Gürcüstanda demokratik, azad ölkədə doğulan insanlar üçün çox çətindir yenidən Rusiyaya qayıtmaq və tabeçilikdə yaşamaq. Bunun nəticəsi idi ki, minlərlə, yüz minlərlə gənc aksiyada iştirak edərək öz talelərini dəyişdilər, hökuməti məcbur etdiər ki, başlatdıqları bu qanun layihəsinin müzakirəsini dayandırsınlar. Bu layihəni ləğv etsinlər. Bu baş verdi. Bunu cəmiyyət də başa düşdü, hökumət də başa düşdü ki, onların tanımadığı yeni bir cəmiyyət formalaşıb və təbii ki, bütün məsələlərdə ehtiyatlı olmaq lazımdır”, – deyir Samirə Bayramova.
O, digər azərbaycanlı gənclərin də cəmiyyətin sosial-siyasi həyatında akitv olmasına şərait yaratdığını bildirir: “Mən çalışıram ki, ictimai fəal olaraq bu proseslərə başqa azərbaycanlı gəncləri qoşum, onlar da bu proseslərdə aktiv olsunlar. Bizim doğrudan da çox istedadlı gənclərimiz var”.
Bu gün Gürcüstan parlamentində azərbaycanlı deputatların simvolik yer tutduğunu deyən aktivist bu insanların xalqa xeyrinin dəymədiyini də deyir: “Bəlkə də bu gün kənardan baxanlar sevinirlər ki, Gürcüstan parlamentində azərbaycanlı millət vəkilləri var, bu gün Marneulidə şəhər meri azərbaycanlıdır. Ancaq bu insanların bu cəmiyyət üçün, bu xalq üçün bir faydası varmı? Yoxdur. Hətta mən arzu edərdim bəzən ki, olmasınlar, çünki olduqları zaman bizim işimizə çox böyük problem yaradırlar”.
Novruz gündəliyi
“2021-ci ildə ilk dəfə Gürcüstan parlamentinə Novruz bayramının qeyri-iş günü olması ilə bağlı qanun layihəsi təqdim etdim. Bu, Gürcüstanda ilk dəfə idi ki, etnik azərbaycanlılar artıq qanunvericilik orqanında nəyisə dəyişmək istəyirdilər. Buna ilk qarşı çıxan Gürcüstan parlamentinin azərbaycanlı deputatları oldu. Zaur Darğallı bunda böyük təhlükə, problem gördü və təklif etdi ki, bu təklifi müzakirə etməyək. Onunla əsaslandırdılar ki, Novruz bayramı dini bayramdır və Gürcüstanda yalnız gürcü xristianlarının belə bir hüququ var ki, onların bayramı Gürcüstanda dövlət bayramı səviyyəsində qeyd olunsun. Bu, təbii ki, konstitusiyaya zidd bir qərar idi”
Bu hadisəni hazırda Avropaya inteqrasiyanı qarşısına hədəf qoymuş ölkə üçün tamamilə yanlış addım hesab edən S.Bayramova elə Novruz bayramı günü Gürcüstan parlamentinin qeyri-azərbaycanlı millət vəkili Tariel Nakaidzenin onu dəstəklədiyini vurğuladı.
“O parlamentdə çıxış etdi ki, biz çalışmalıyıq Gürcüstanda yaşayan azsaylı xalqların Novruz bayramı kimi bayramları dövlət statusu alsın və qeyri-iş günü olsun. Çünki bu, onların hüquqlarıdır. Nə vaxt ki, pandemiya idi Gürcüstanda bir çox bayramlar zamanı komendant saatı ləğv olundu. Biz azərbaycanlı icması olaraq Gürcüstan hökumətinə müraciət etdik ki, Novruz bayramı günü komendant saatı ləğv olunsun. Buna qədər bir neçə hallar olmuşdu və koronavirusla bağlı yoluxanların statistikası bir qədər azalmışdı. Bunun üçün kifayət qədər əsaslar var idi ki, biz bayramı komendant saatı olmadan keçirək”.
Gürcüstan hökuməti bu təklifə rədd cavabı verir və məsələni Gürcüstanın Dini Agentliyinə ünvanlayır.
Bu addımı yanlış hesab edən fəal deyir ki, həmin vaxt xüsusi bir şura yardılmışdı və bu məsələyə o şura baxırdı: “Gürcüstan xalq müdafiəçisi, bir çox ictimai-mədəni sektor nümayəndələri, müxaliflər hər biri öz adından hökumətə müraciət etdi ki, burdakı etnik azlıqlar üçün bu komendant saatını ləğv edin, bu, onların hüquqlarıdır. Ancaq bütün bunlara rəğmən komendant saatı ləğv edilmədi. Bu da Novruzla bağlı vəkilliyi başlayan bir adam üçün təhqir idi və eyni zamanda vətəndaş olaraq hüququmun pozulması idi. Bir gün əvvəl sosial şəbəkə hesabımda bildirdim ki, mən komendant saatı günü bu bayramı qeyd edəcəm. Mənimlə ilk dəfə bu cəmiyyətdə aktiv olan gürcü fəallar, ictimai xadimlər əlaqə saxladılar və soruşdular ki, doğrudan komendant saatını pozmaq istəyirsən, əgər edəcəksənsə biz hazırıq. Qoridən, Kutaisidən, Rustavidən, Tbilisidən mənə dəstək üçün onlarla fəal gəldi”.
Azərbaycanlı fəallar bayram aksiyasında iştirak etməsələr də mərkəzi media da bu aksiyanı işıqlandırır və canlı yayımlayır. Bundan sonra Marneuli əhalisi də onalara qoşulur.
“Biz dostlarla bu bayramı qeyd etdik, eyni zamanda bu, bizə qarşı olan, Gürcüstanın bərabərhüquqlu vətəndaşına qarşı olan, ikili standarta qarşı böyük bir mübarizə idi və biz bu mübarizəni qazandıq. Bizim hüquqlarımızı pozan, məhdudiyyət qoyan hökumətə bir mesaj idi. Maraqlı hadisə bir də o idi ki, normalda hər 2 metrdən bir polis olurdu, ancaq həmin gün polislər harasa yox olmudşu və heç kim gəlmədi, heç kim həbs olunmadı və cərimələr də yazılmadı. Bu özlüyündə tarixi bir gün idi”.
Ceyhun Məhəmmədəli 1987-ci ildə Rustavidə doğulub, 35 yaşı var. Hazırda Kvemo-Kartli regionunda Marneuli şəhərində yaşayır. Tiflis Dövlət Universitetini bitirib. 2016-cı ildən televiziya sahəsində çalışır, 2018-ci ildən Rustavi 2 kanalında işləyib. Gürcüstan hakimiyyətinin müdaxilələrindən dolayı kanlı tərk edən komanda ilə birlikdə müxalif kanal kimi tanınan “Mtavari Arxi” kanalı yaradılır və hazırda həmin kanalda çalışır. Kanalı Gürcüstanın yeni nəfəsi adlandırır.
Xalqın gözü-qulağı olmaq
“Jurnalistika tənqidi olmalıdır, onun başqa tərəfi yoxdur. Jurnalistika xalqın gözü-qulağı deməkdir, pərdə arxasında nə baş verdiyini xalqa çatdırlmalısan. Xalqın gördüyünü demək, artıq bu, jurnalistika deyil. Xalqın görmədiyini cəmiyyətə çatdırmaqdır əsil jurnalistika. Bu gün yaşadığımız ölkədə tənqidi jurnalist olmamaq qeyri-mümkündür. Ya olmalısan saray jurnalisti təriflə-təriflə, yalnız pozitiv şeylər göstərməlisən, neqativləri üzə çıxarmamalısan. Sarayda jurnalist olmaq da çox çətindir, sarayın özünün PR menecerləri var, onların heç jurnalistə ehtiyacı yoxdur – ” deyir, C.Məhəmmədəli.
Jurnalistika fəaliyytindən qabaq icitmai fəal olan Ceyhun təxminən 24 yaşında ali təhsil alır. Ali təhsilə gec başlamasının səbəbini müəyyən iqtisadi problemlərlə əlaqələndirir.
“Qarşıma iki yol qoymuşdum, ya fəlsəfə, ya da jurnalistika. Mənim yaxın bir ruhani dostum vardı, onunla məsləhətləşirdim, onun fikri ilə maraqlandım. Mənə dedi ki, sən daxilən kimsən? Dedim, mən qaynar nöqtələrdə olmaq istəyirəm, müzakirələrdə, yenilikləri kəşf etməkdə, qalmaqallı yerlərdə olmağı sevirəm. Dedi get, jurnalistikanı seç. Mən də jurnalistikanı seçdim və bu günə qədər də peşman deyiləm”
“Çörəyə əl bas ki, ikinci turda müxalifətə səs verməyəcəm”
Jurnalistikaya ayaq basandan təzyiqlərlə üzləşdiyini deyir: “Bir şeyi vurğulmaq lazımdır ki, illər boyu Kvermo-Kartlidə tənqidi jurnalistika olmayıb, ümumiyyətlə, mərkəzi media belə onların poroblemlərini işıqlandıra bilməyib. Çünki mərkəzi medialar adətən Kvemo-Kartliyə azərbaycanlıların kompakt yaşadığı yerə bayramdan-bayrama və ya kriminal hadisələr, kimsə kimisə qaçırtdısa o zaman gedərdilr. Sosial, iqtisadi və mədəni problemlər işıqlandırılmayıb. 2018-ci ildən Rustavi 2 kanalına ayağımı basdığım gündən artıq o qədər ətrafımda problemlər vardı bilirdim, harda nə var”.
“İlk seçkilərlə bağlı problemləri işıqlandırmaq məsələsi gündəmə gəldi. Mənə qarşı ilk təzyiq olan və mənim ilk müstəqil süjetim idi. Məsələ bu idi ki, hazırki hakimiyyət seçkiləri saxtalaşdırmaq üçün hansı metodlara əl atırdı. Prezident seçkilərinin ikinci turunda hakim partiyanın yerli koordinatorları qapı-qapı gedərək seçicilərə təzyiq edirdilər. Birinci turda belə bir praktika oldu ki, kimə ki, pul verilmişdi və deyilmişdi, adamları gətir bizə səs versinlər, həmin adamlar gedib müxalifətə səs vermişdilər. Qutudan tam başqa bir reallıq çıxdığına görə başladılar belə bir metoda əl atmağa – adamların əllərini çörəyə basdırırdılar ki, sən bu çörəyə əl bas, and iç ki, ikinci turda müxaliftə səs verməyəcəksən”.
“Qardabanidə səs yazısı da vardı. Orda belə deyək, bələdiyyə sədrinin müavini azərbaycanlı idi. O gedib koordinatorların üstünə düşmüşdü ki, belə edin, elə edin, çörəyə əl basdırın. Bunu da biri qoçaqlıq edib səsini yazmışdı və bu səsi də mənə atmışdılar. Bundan sonra araşdırmağa başladıq. Sonra mən də zəng vurub bu cinayətdə iştirak edənlərlə əlaqə saxladım. Elə bildilər ki, bəs hakimiyyət tərəfindən zəng vurmuşam, açıb ürəyini tökmüşdü. Bunu sonra biləndə ki, məsələ necədir, başladılar mənə təzyiqlər etməyə. Bu məsələ efirə getsə səni asacayıq, kəsəcəyik. Süjet efirə getdikdən sonra Daxili İşlər Nazirliyinə müraciət etdik. Ombudsman Aparatı məsələyə müdaxilə etdi və bu məsələni gündəmə gətirdi ki, istintaq başlamalıdır. Bu günə qədər artıq 4-5 il keçib istintaqın nəticələri necə var, elə o cür də qalıb. Təbii ki, hakimiyyət öz adamlarını cəzalandıran deyildi”.
Jurnalist olaraq Kvemo-Kartlidə artıq ün salan Məhəmmədəli bildirir ki, o hadisədən sonra artıq yavaş-yavaş regionda tənqidi jurnalistin səsini eşitdikdən, işini gördükdən sonra hakimiyyət nümayəndələri çaxnaşmaya düşdülər. Birbaşa təzyiq göstərməsələr də, müəyyən vasitələrlə jurnalisti çəkindirməyə çalışıblar.
Növbəti qalmaqallı seçki hadisəsi isə Bolnisi rayonunda yaşanıb: “Gürcü arzusu partiyasından olan bələdiyyə deputatı kameranın qarşısında mənə demişdi ki, seçki qurtarsın, səni belə asacam, belə kəsəcəm. Bunu kamera da çəkirdi. Bununla bağlı şikayət etdik, ancaq bugünə qədər həmin bələdiyyə deputatı öz yerindədir”.
“Ərazidən uzaqlaşdıqdan sonra huşumu itirib yıxıldım”
Ceyhun Məhəmmədəlinin hakim partiyanın seçkilər zamanı səslərin saxtalaşdırmasını işıqlandırması onu fiziki təzyiqlə üz-üzə qoyur. Belə ki, 2020-ci il seçkiləri zamanı hakim partiyanın nümayəndələri müxalifət nümayəndələrini gecə saatlarında döyüb, fiziki xəsarət yetirirlər. Hadisə hakim partiyanın ofisinin qarşısında baş verir: “Bunu canlı efirə verirdim, danışırdım və bunu artıq həzm edə bilmədilər. Mənə də hücum etdilər, operatorumu döydülər, kameranı sındırdılar. Məni arxadan xatırlamıram kim vurdu, hər hansı metalla və ya əşya ilə vurmuşdular başım partlamışdı. Sonradan elə oldu ki, hadisə yerindən özümü qurtara bildim. Çünki hiss edirdim ki, zərbədən sonra məni arxadan ən azı 4-5 nəfər təpiklə, yumruqla da vurur. Ərazidən qaça bildim və ərazidən bir az uzaqlaşandan sonra huşumu itirib yerə yıxılmışam. Bundan sonra böyük hadisələr baş verdi. Polislər də bizdən hardasa 20 metr aralıda dayanmışdı və müdaxilə etmirdilər.
Ümumiyyətlə, Avropanın 12 bəndlik müddəası ki, var, hansı ki, Gürcüstan hökuməti yerinə yetirməlidir. Həmin orda da var seçkilərlə bağlı islahatların aparılması və hələ ki, həmin islahatları biz görməmişik. Seçkilərdən sonra da Avropa tərəfindən kəskin tənqidlər olub ki, bu reallıqlar dəyişməlidir. Məhz ona görə də bir reallıq da var ki, müxalifətin özündə də böyük problemlər var. Bu, birlik problemidir. Təbii ki, Gürcü arzusu hakimiyyəti bunu müəyyən məsələlərlə, müəyyən vasitələrlə həyata keçirə bildi və müxalifətin içində parçalanma yaratdı. Gürcü arzusu partiyası güclənməyib, əksinə zəifləyib və paralel olaraq Gürcüstanda müxalif partiyalar da zəifləyib. Məsələ bundadır.
“Belə düşünürəm ki, bütün bu 12 bəndlik müddəalardan ibarət tələblərdən diqqəti yayındırmaq üçün Gürcü arzusu müxtəlif tamaşalar həyata keçirir. Olsun rus qanunu ilə bağlı, olsun daxili çatışmazlıqlarla, müxalifətin gündəmdən salınması, Mixeil Saakaşvilinin sağlamlıq məsələsi ilə sanki bu müəddəaları ikinci plana salırlar. Ancaq tələb tələb olaraq qalır. Əgər sən Avropa Birliyinə daxil olmaq istəyirsənsə, namizədliyi qazanmaq istəyirsənsə onda bu 12 bəndlik müddəanı yerinə yetirməlisən. Əvəzində biz şablon sözləri eşidirik”.
“Bizim birliyimiz gücümüz və gələcəyimiz bu müxtəliflikdə və birlikdədir”
“Hər zaman ölkənin inkişafı və gələcəyi ilə bağlı mitinq görəndə iştirak edirdim. Televiziya rəhbərliyinə təşəkkür edirəm ki, mənə bununla bağlı qadağa qoymayıblar. Mən Gürcüstanın aparıcı kanalının jurnalisti olduğum kimi, eyni zamanda Gürcüstanda yaşayan etnik azərbaycanlıların bir nümayəndəsiyəm, onların səsiyəm. Bunu hər zaman nəzərə alıblar. Mənim Gürcüstanda ilk çıxışım olub 2022-ci ildə Mixeil Saakaşvili Gürcüstana gələndə olub. Onun həbsi ilə bağlı Rustavidə 10 minlərlə insan toplaşanda orda daxili səsimi dünyaya eşitdirmək istədim. Ondan sonra parlamentin qarşısında böyük bir kütlə etiraz aksiyaysı edirdi orda da oldum. Və sonuncu rus qanunu ilə bağlı misli görünməmiş aksiyada çıxış etdim. Düşündüm ki, yüzlərlə azərbaycanlı tələbə mitinqdə iştirak edir, ancaq səsləri çıxmır. Orda səsimiz çıxmır. Gürcüstan da, bütün dünya da bilməlidir ki, burda yaşayan azərbaycanlıların da səsi və hüququ var və onların da artıq seçim haqqı var. Və bu seçimi dilə gətirə bilirlər.
Səhnəyə çıxıb orda açıq şəkildə sözlərini deyə bilirlər. Mən orda səhnəyə çıxıb azərbaycanca çıxış etdim ki, qoy bizim dilimiz də qulaqlara çatsın. Bilsinlər ki, biz rəngarəng Gürcüstanın vətəndaşıyıq. Və bu rəngarəng Gürcüstan olduğu təqdirdə hər kəs bilsin ki, burda müxtəlif insanlar, müxtəlif millətlər, müxtəlif dinlər yaşayır. Bizim birliyimiz gücümüz və gələcəyimiz bu müxtəliflikdə və birlikdədir. Orda çıxışımda da mən çatdırdım ki, məhz bu birlikdən qorxur Gürcüstan hakimiyyəti.
Jurnalist Gürcüstanda yaşayan azərbaycanlıların siyasətlə maraqlandığını düşünür və son dövrlər seçkilər zamanı iqtidardan çox müxalif liderlərə səs verdiklərini deyir: “2014-cü ildən bu yana azərbaycanlılar mövqeylərini açıq şəkildə göstərə bilirlər. Kütləvi şəkildə böyük səs faizi ilə müxalifətə səs verirdilər, bunu biz gördük. Əvvəllər hakimiyyət harda idisə millət ona da səs verirdi, belə bir kütləvi formada. 2014-cü ildən sonra xalq özünü hiss etməyə başladı. Müəyyən proseslər dəyişdi, bunu etiraf etmək lazımdır. Bu da çox önəmli bir faktordur ki, vətəndaş yavaş-yavaş hiss edir ki, müəyyən proseslərdə onun səsinin həlledici rolu var. 2014-cü ildən bu yana bir-iki lider var idi. Savadlı, savadsız onu bir kənara qoyaq. Bu liderlər xalqı öz arxasınca çəkə bilirdi və bir müddət sonra bu liderlər də yoxa çıxdı. Bu da müxalifətin daxili problemi idi. Bu liderlər yoxa çıxdıqdan sonra naümid olmağa, nagüman olmağa başladı xalq”.
“Nəyə görə rus qanunun əleyhinə idim?”
“Hər kəsin başına salıblar ki, bala, siyasətə qarışma, siyasət sənlik deyil. Amma elə siyasətə qarışma deyənlər özləri siyasət oyunu aparırılar və siyasətin qurbanı edirlər o gəncləri. Ancaq biz nə qədər siyasətdə olsaq, siyasi arenada sözümüzü desək bizim inkişafımız üçün, gələcəyimiz üçün o qədər faydalıdır. Həyatımızı dəyişmək üçün böyük bir məqamdır. Təəssüflər olsun ki, hər seçkidən seçkiyə istər müxalifət, istər iqtidar savadsız olan kardları kimin pulu var onu irəli çəkirlər, pullu insanları parlamentdə oturdurlar. Onun savadı var, sabah problemləri həll etmək üçün nə qədər motivasiyası var, təbii ki, bunlar heç kimi maraqlandırmır. Oturdurlar kukla kimi illərlə parlamentdə səsini çıxartmır, 4 il gəlir yenə seçkiyə aparırlar”.
Tənqidi düşünən gənclərin gəldiyini deyən Məhəmmədəli bir neçə il bundan qabaq millət vəkilini tənqid edən yox idi, ancaq artıq bu millət vəkilləri kimlər ki, parlamentdə oturur gənclərin çoxu tənqid edir, heç salam belə vermək istəmirlər, deyir.
“Bu son proseslərdə xarici agent qanuni hansı ki, rus qanuni kimi tanıyırıq, bu məsələdə də parlamentdə oturan iki milət vəkilimiz xüsusi rol oynadı. İmza atanlardan biri oldular. Niyə tarixin hər zaman ləkəli yerində bizim adımız hallansın? Müxalifət də, iqtidar da kimlər pulludur, kimin cəmiyyətdə adı-sanı var, onları irəli çəkirlər, daha onların savadına baxan yoxdur.
Nəyə görə rus qanunun əleyhinə olanlardan biri mən idim? Çünki bu gün Gürcüstanda yaşayan etnik azərbaycanlıların, gənclərin inkişafında birmənalı olaraq hansı qurumlar rol oynadı, məhz Avropa təşkilatları, beynəlxalq təşkilatlar. Gürcüstan hakimiyyəti bununla bağlı bugünə qədər heç nə etməyib. Dini azlıqlar olsun, milli azlıqlar olsun, bu gün pulsuz vəkillik proqramı var regionda, insanların hüquqlarını qoruyurlar, lazım olanda hakimiyyətlə qaşqa-qaşqaya gəlirlər. Bu gün bir-iki səsi çıxan gənc aktivist varsa, məhz onlar da bu təşkilatların yetişdirdiyi gənclərdir. Birmənalı olaraq başa düşürsən ki, bizim inkişafımızı bu hakimiyyət istəmir. Bu sistem istəyir azərbaycanlı, istəyir erməni, istəyir rus olsun, fərqi yoxdur, bu ölkənin vətəndaşıdır, bu qanun fərqli millətlərdən olanların inkişafını istəmədiyini göstərir”.
“Bu hakimiyyətin heç bir rolu olmadı”
“Xoşbəxtlikdən ətrafımda, yaxınlarım tərəfindən elə bir şəxs olmayıb desin ki, ay bala hökumətlə hökumətlik etməyəcəksən ki. Əksinə anam həmişə deyib ki, hər zaman haqqın yanında ol, heç vaxt qorxma. Qorxuyla canını saxlaya bilməyəcəksən. Bir həqiqəti dilə gətirim ki, mən bu gün hardayamsa burda birmənalı olaraq dövlətin, hakimiyyətin deyil, həm xarici institutların və bizim televiziyanın böyük rolu olub. Bu gün onların dəstəyi ilə mən bir azərbaycanlı olaraq küçəyə çıxanda hər 10 gürcüdən 8-i mənimlə salamlaşıb tərif deyirsə, təşəkkürünü bildirisə bu mənim üçün birinci Allahın istəyi ilə və gürcü xalqının vasitəsilə oldu”.
İnkişafında hakimiyyətin heç bir rolunun olmadığını deyən Ceyhun 2016-2018-ci illərdə İctimai kanalda sinxron tərcüməçi işləyidi zaman bunun bir daha şahidi olduğunu söyləyir: “Mən orda da qalıb işləmək istədim. Amerika səfirliyinin belə bir proqramı vardı – çoxdilli xəbərlər. İki il o layihədə işlədim, Gürcüstan hakimiyyətinə yaxın adamlar rəhbərliyə gəldikdən sonra məni ordan uzaqlaşdırdılar. Dövlətin müxalifət adlandırdığı televiziya isə mənə qapısını açdı. Hər cür şərait yaratdılar. Yaxın gələcəkdə ümid edirəm ki, “Mtavari”də mənim verilişim olacaq”.
“Qırmızı Körpü”
“Ümumiyyətlə, ölkədə nələrinsə dəyişməsi üçün ilk addımı biz atmalıyıq”, – deyir Ceyhun. – “Sən tələb etmədikcə, səninlə heç kim maraqlanmayacaq elə köhnə sistemdə də qalacaqsan, çünki bu bəzilərinə sərf edir. Bizim gənclərimiz nə qədər tələbkar olacaqsa, təhsil alıb hər bir sahədə özlərini göstərmək istəyəcəksə bir o qədər də proseslər dəyişəcək. Əks təqdirdə heç bir şey dəyişməyəcək, heç kimin də marağında deyil ki, nəyisə dəyişsin. Sakitçilik hər kəs üçün komfortdur. Kimsə səndən ötrü niyə başını ağrıtsın?”.
C.Məhəmədəli hazırda Marneulidə fəaliyyət göstərən “Qırmızı Körpü” adlı Qeyri Hökumət Təşkilatı yaradıb. Onun sözlərinə görə, burda məqsəd təşkilatın simvolik olaraq bir körpü olması və azərbaycanlılarla gürcülər arasında mədəni əlaqələrin dərinləşdirilməsində öz rolunu oynamaqdır:
“Bizim “Qırmızı Körpü”nün irəli sürdüyü bir layihə vardı ki, bacarıqlı və savadlı gəncləri gürcü cəmiyyətinə tanıdaq. Xüsusın də qızları irəli çəkirdik. Burda belə bir sterotip vardı ki, burada yaşayan azərbaycanlılar yalnız pomidor-xiyar, göyərti satır və ya erkən evliliklə məşğuldurlar. Bizim başqa dəyərimiz sanki yoxdur. Ancaq biz bunun əksini göstərməyə başladıq. Bir çox qızlarımızı, gənclərimizi tanıtdıq ki, belə savadlı, vətənini sevən, vətəninə bağlı olan, bir çox dəyişikliklər həyatda etmək istəyən gənclərimiz var.”.
Regionda azərbaycanlı gənclərin inkişafı üçün “Qırmızı körpü” təşkialtının nəzdində mülki inkişaf məktəbi açmağı planlayan jurnalist bu dərslər zamanı gənclərin media və mülki təhsil almasına çalışır. Qafqaz Universitetindən sonra iki böyük universitetdən Gürcüstan Universitetindən və İlya Universitetindən böyük dəstək əldə edirlər: “Sonra Nika Rura Fondu var ordan da dəstək alırıq. Bu dəstəklə bizim Marneulidə gözəl ofisimiz artıq mövcuddur, avadanlıqlar aldıq, gözəl texnika ilə təchiz etdik. Bütün bunda tamamilə Gürcüstan elitasının rolu var. Hər biri ilə görüşdükdə deyirdim ki, biz istəyirik ki, artıq gələcəyimiz dəyişsin. Və bu gələcəyin dəyişməsində biz Avropaya yox, bütün dünyaya göstərək ki, gürcü təkcə gürcü üçün çalışmır, azərbaycanlı həmvətəninin inkişafında da böyük rol oynayır və dəstəyini göstərir”.
Bu gün həmin ofisdə Gürcüstanın ən yaxşı müətəxəssisləri master klaslar keçir. Hazırda 30-a yaxın tələbə və gənc kurslara qatılır.
Gürcü arzusu və Qərb dəyərləri
“Gürcü arzusunu niyə bəyənmirəm, niyə Qərbyönümlü siyasəti tutmuşmam? Bu, çox sadə və bəsitdir. Ölkədə ya Qərbi, ya da Rusiyanı seçməlisən, bu bir həqiqətdər. Ortada bir xətt yoxdur hələ ki. Ya sağdır, ya da soldur. Rusiyanı mən həyatım boyu seçə bilmərəm. Rusiya siyasətini, Rusiya gücünü, çünki mənim ölkəm ömrüboyu Rusiyanın işğalı altında olub. Bu gün 20 faiz torpaqlarımız Rusiyanın işğalı altındadır. Gördüyünüz kimi Ukraynada bu gün nələr edirlər, Rusiyadan pozitiv hələ ki, heç nə gözləmirəm” deyən C.Məhəmədli Gürcüstanın mövcud olduğu gündən Avropa istiqamətini götürdüyünü bildirir: “Orta əsrlərdən bu yana baxırsan ki, Gürcüstan Avropaya meyilli olub. Tam müstəqilliyimizi qazanan gündən bu yana biz Avropa istiqamətini götürmüşük. Avropa, Qərb bizə şəxsi inkişafımızda, milli və dini azadlığımızda böyük bir dəstəyi var. Ancaq Gürcü arzusundan biz bunun heç birini görnürük.
“Mən bir dənə ideologiyanın müdafiəçisiyəm. Mən istəyirəm ki, Gürcüstanda yaşayan milli azlıqlar, fərqi yoxdur, ermənisi, alısı, vəlisi, xüsusən də azərbaycanlısı Gürcüstan idarəçiliyinin hər bir təbəqəsində müstəqil şəkildə Gürcüstanın inkiafında öz payını qoysun. Yeri gələndə nazir də azərbaycanlı olsun, yeri gələndə prezidenti də. Məsələn, mən razıyam, qoy Marneulidə mer gürcü olsun, amma Qoridə azərbaycanlı olsun, mümkündürmü? Mümkündür, iradə yoxdur sadəcə olaraq. Qoy Marneulidə polis rəisi gürcü olsun, ancaq gürcülərin yaşadığı Xaşşuridə polis rəisi azərbaycanlı olsun. Bax onda olacaq əsl demokratiya, əsl həmrəylik. Mən o zaman özümü azərbaycanlı olaraq tamhüquqlu vətəndaş hiss edəcəm” – deyir Ceyhun.
Aytən Fərhadova
“Mediaşəbəkə”nin dəstəyi ilə