Prokuror ittiham aktını elan edib
Keçmiş həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İlqar Qəribov məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Aprelin 17-də hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama əsasən, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovanı Xətai rayonu, Əhmədli qəsəbəsində bıçaqla qətlə yetirib.
İttihama münasibət bildirən 47 yaşlı İlqar Qəribov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, hadisəni qısqanclıq səbəbilə törədib.
Onun, eləcə də zərərçəkmiş tərəfin hadisə ilə bağlı ətraflı ifadələri növbəti məhkəmə iclasında dinləniləcək.
İlqar Qəribovla Raminə Qəribovanın bibioğlu-dayıqızı olduğu bildirilir. Onların birgə nikahdan biri qız, biri oğlan olmaqla, iki övladı var.
Hadisədən sonra zərərçəkmiş tərəfin mediaya verdiyi məlumata görə, keçmiş əri Raminə Qəribova ilə barışmağa cəhd eləsə də, o, razılaşmayıb. Çünki onun səmimi peşman olmadığını, dəyişmədiyini düşünüb.
İlqar Qəribov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.