AXCP və Müsəlman Birliyi Hərəkatının üzvləri saxlanılıb
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar müxalif siyasi qüvvələrin Şəhidlər Xiyabanını ziyarətindən sonra bir sıra təşkilatların üzvlərinin saxlandığı bildirilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasından Meydan TV-yə bildirilib ki, yaradılan maneələrə baxmayaraq, Milli Şura rəhbərliyi ilə birlikdə partiya üzvlərinin Şəhidlər Xibanını ziyarət etməsindən sonra AXCP fəallarından Anar Hüseynov həbs olunub.
“Milli Şuranın Şəhidlər Xiyabanını ziyarət etməsinə maneə yaradırdılar. Anar Hüseynov “Facebook” hesabından canlı yayım açıb, bunu paylaşmışdı. Hər kəs bu hökumətin belə hadisələrə münasibətdə də nə qədər cılız davrandığını gördü. Ziyarətdən sonra hər kəsin gözü qarşısında mülki geyimli şəxslər Anar Hüseynovu zorla bir maşına mindirib apardılar. Bunun da videogörüntüləri var. Bir sutkaya yaxın onun yeri haqda heç bir məlumat ala bilmədik. İndi öyrəndik ki, ona 30 sutka həbs cəzası verilib”, – AXCP-dən bildirilib.
Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, yanvarın 20-də Şəhidlər Xiyabanı ziyarətindən sonra təşkilatın 5 üzvü saxlanılıb. Onlardan bəzilərinin, hətta evlərindən aparıldığı bildirilir.
“Saxlanılanlar Rasif Çıraqov, Etibar İsmayılov, İmran Məmmədli, Elçibəy Həsənli və Alik Aslanovdur. Bir sutka ərzində onlar haqda heç bir məlumat əldə etmək mümkün olmayıb. Səsə də demirlər ki, niyə saxlanılıblar. Yalnız yanvarın 21-də günorta saatlarında Rasif Çıraqovu buraxıblar. Qarabağ qazisidir, şəhid oğludur”, – təşkilatdan bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov da Meydan TV-yə açıqlamasında AXCP üzvü Anar Hüseynovun həbs olunduğunu təsdiqləyib.
“Yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozub, orada qarışıqlıq yaratmağa cəhd göstərib. Cəhdin qarşısı alınıb və onlardan biri – Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub”, – DİN rəsmisi bildirib.