Ceyms Uorlik: “Həmsədrlik formatı artıq münaqişədə vasitəçilik etmək üçün əlverişli yol deyil”

Ceyms Uorlik. Mənbə: “armenpress.am”

Minsk Qrupunun keçmiş həmsədri düşünür ki, Türkiyə münaqişənin uzunmüddətli həllində rol oynaya bilər

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri,  səfir Ceyms Uorlik Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsini “yaxşı əlamət” adlandırıb.

O, bu iki ölkə arasında sülhün bərqərar olması prosesinə nikbin baxır. 

Bu barədə səfir “Amerikanın səsi”nə müsahibəsində danışıb.

2013-2016-cı illərdə Minsk Qrupuna həmsədrlik edən Ceyms Uorlik müxbirin “dekabrın 7-də keçiriləcək danışıqların baş tutub-tutmayacağı hələlik bəlli deyil. Sizcə, sülh prosesindəki bu geriləmənin səbəbi nədir?” sualına cavabında deyib ki, Fransa prezident Makronun danışıqlarda iştirakı  ilə bağlı fikir ayrılıqları var:

“Ermənistan tərəfi istəyir ki, Makron dialoqda iştirakını davam etdirsin, prezident Əliyev isə Makronun iştirakına qarşı kəskin bəyanatlar verib. Düşünürəm ki, bu, tərəflərin öhdəsindən gəlməli olduğu böyük problem deyil. Ən əsası odur ki, formatdan və danışıqların iştirakçılarından asılı olmayaraq, Ermənistan və Azərbaycan tərəfi bir-biri ilə danışsınlar”.

Tərəflər arasında nizamlanmaya mane olan əsas maneəyə gəlincə, Ceyms Uorlik “ən böyük problem odur ki, hər şeyi bir anda həll etmək mümkün deyil” deyib.  Səfir həmçinin düşünür ki, bir çox məsələ ilə bağlı proseslər olmalıdır:

“Əliyevlə Paşinyanın bunu təşviq etməsi vacibdir. Məsələn, Ermənistanla Azərbaycan arasında münaqişə ehtimalını azalda biləcək demarkasiya prosesinin olması son dərəcə vacibdir. Mən tam bilirəm ki, Prezident Əliyev münaqişənin bütün məsələlərinin həll olunduğunu və bütün bunların Azərbaycanın ərazi bütövlüyü olduğunu deyir. Lakin Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi üçün prosesə ehtiyac olduğunu da açıq şəkildə bildirib. Başqa məsələlər də var, məsələn: rabitə, su ehtiyatları, hərbi əsirlərin qaytarılması. Bütün bunlar maneələrlə üzləşən məsələlərdir”.

Moskvanın roluna gəlincə, diplomat hesab edir ki, bu gün ABŞ və Avropa İttifaqının Rusiya ilə səmərəli işləyə biləcəyini təsəvvür etmək çətindir:

“Lakin Rusiya ilə bütün fikir ayrılıqlarımıza baxmayaraq, bizim Ermənistanla Azərbaycan arasında sülh və təhlükəsizliyin bərqərar olmasında da ümumi maraqlarımız var. Düşünürəm ki, Rusiya tərəfi öz qonşuluğunda münaqişənin baş verməsini istəmir və burada fəal prosesi görmək istəyir. Təbii ki, Rusiya tərəfi prosesə nəzarət etməməli, regionun digər ölkələri ilə bərabər prosesin iştirakçısı olmalıdır. Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla özünəməxsus tarixi var, biz bunu başa düşməliyik. Ona görə də mən inanıram ki, Rusiya effektiv rol oynaya bilər, ancaq mənim anladığım qədəri ilə həmsədrlik formatı artıq münaqişədə vasitəçilik etmək üçün əlverişli yol deyil”.

“Mən tam inanıram ki, həmsədrlərin mandatı faydalı olmaqda davam edir. Buraya təkcə ABŞ deyil, bildiyiniz kimi Rusiya da daxildir. Bu, işləyə bilən formatdır, lakin bütün tərəflər üçün məqbul olmalıdır. Düşünürəm ki, həmsədrlik formatı səmərəli işləyə bilər, lakin ABŞ və Fransa bu gün çətin ki, Moskva ilə işləsin. Bundan əlavə, prezident Əliyev həmsədrlik mandatını qəti şəkildə rədd edib. O, Rikeri xüsusi nümayəndə kimi qəbul edib. Amma Minsk Qrupu prosesini rədd edir və sonuncunun uğur qazanması üçün bütün tərəflərin bu prosesə razı olması lazımdır”- deyə Ceyms Uorlik əlavə edib.

Keçmiş həmsədr hesab edib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münaqişənin uzunmüddətli həllinə nail olmaqda çox faydalı rol oynaya bilər:

“Türkiyənin Bakıya çox böyük təsiri var və düşünürəm ki, onlar bundan sülh prosesini inkişaf etdirmək üçün istifadə edə bilərlər və etməlidirlər. Ermənistanla Türkiyə arasında münasibətlərə gəlincə, onları bir gündə həll etmək mümkün deyil. Bu, etimadın qurulması istiqamətində kiçik addımlarla həyata keçirilməlidir və hər iki tərəf bir anda bir addım atmağa hazır olmalıdır. Mən 20 il əvvəlki protokolların canlandırılmasını təklif etmirəm. Bu, mümkün deyil. Amma hesab edirəm ki, tərəflər istəsələr, məsələn, ölkələr arasında ticarət, mənəvi sərvətlərin qorunması baxımından hansısa addımlar ata bilərlər”.

Ana səhifəUncategorized @azCeyms Uorlik: “Həmsədrlik formatı artıq münaqişədə vasitəçilik etmək üçün əlverişli yol deyil”