DTX İran casuslarının Dəniz Donanmasına yerləşdiyini iddia edir

Foto: “ona.az”

Onların hərbi obyektlər və təlimlərlə bağlı məlumat ötürdüyü bildirilir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) İrana casusluq edən şəxslərlə bağlı növbəti əməliyyat keçirdiyini açıqlayıb.

Əməliyyat nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı Zahir Əsgərovun və daha bir neçə nəfərin həbs olunduğu qeyd olunub.

Bu barədə DTX noyabrın 14-də məlumat yayıb.

Bildirilir ki, Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.

DTX Zahir Əsgərovun ötən dövrdə İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin Bakıdakı şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar topladığını vurğulayıb.

“Zahir Əsgərov həmin məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib”, – deyə DTX qeyd edib.

Eyni zamanda, DTX Elnur Rəsulovun 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşdiyini bildirib:

“Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Arif Rəsulovla müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakıda “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, həmçinin Salyan və Füzuli rayonlarında strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib”.

Məlumatda digər Azərbaycan vətəndaşı Bəxtiyar Ağazadənin dini təhsil almaq üçün İranda olarkən həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başladığı iddia edilir:

“Bəxtiyar Ağazadə onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycandakı nümayəndəlikləri, ölkədəki ictimai-siyasi proseslər, hərbi hissələr, onlarının yerləri və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb”.

Dövlət Təhlükəsizliyi Xidməti
Foto: DTX

“Müəyyən edilib ki, Mirhafiz Cəfərzadənin İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib”, – deyə məlumatda vurğulanır.

Bildirilir ki, hazırda İranda gizlənən Orxan Məmmədov hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə Mirhafiz Cəfərzadəyə göndərib.

Qurum Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadənin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunduğunu bildirib.

“Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycanın Konstitusiyasına zidd, dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib”-deyə DTX qeyd edib.

Məlumatda adları çəkilən şəxslər haqda əhatəli məlumat olmadığından onların vəkilləri və yaxınları lə əlaqə saxlamaq mümkün olmayıb.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) cari iin noyabrın 1-də İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmənin ifşa olunduğu haqda məlumat yaymışdı.

Məlumatda Müsəlman Birliyi Hərəkatının (MHB) üzvlərinin, eləcə də əvvəllər həbs olunmuş şəxslərin adları hallanıb və İranla işbirliyində şübhəli bilinən 19 nəfərin istintaqa cəlb olunduğu qeyd olunsa da, MHB isə DTX-nin iddialarını təkzib etmişdi.

Ana səhifəSiyasətDTX İran casuslarının Dəniz Donanmasına yerləşdiyini iddia edir