Polis isə deyir, vətəndaş özü hər şeyi etiraf edib
“Rəis narkotiklə dolu balonları göstərib, deyib, elə etmə ki, bu balonlar da evinizdən çıxsın. Oğlum məcbur olub, dediklərinə qol çəkib”.
Goranboy sakini Emilya İsgəndərova Meydan TV-yə oğlunun qanunsuz həbsindən danışıb. Onun sözlərinə görə, sentyabrın 12-də Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları oğlu Namiq Rüstəmovu saxlayaraq polis şöbəsinə aparıblar:
“Səhər saat 5-də Bakıdan gəlib Goranda avtobusdan düşəndə üstünə tökülüb, qollarını burublar, maşına mindirib, polis şöbəsinə aparıblar. Orada cibinə narkotik atıblar, deyiblər, yaz ki, istifadə edirsən”.
“İfadəsi hədə-qorxuyla alınıb”
Emilya İsgəndərova bildirir ki, oğlunun üzərində narkotik olmayıb. İfadəsi də hədə-qorxu ilə alınıb:
“Rəis oğlumu öz otağına aparıb, içərisində narkotik olan balonları göstərib, deyib, ya boynuna al ki, sən bunun istifadəçisisən, ya da bu balonları aparıb evinizə qoyacağıq. Oğlum da məcbur olub, nəyə deyiblərsə, qol çəkib”.
Ananın sözlərinə görə, oğluna fiziki zor tətbiq olunub.
“Hər şeyi etiraf edib”
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Meydan TV-yə bildirilib ki, Namiq Rüstəmov rayon ərazisindəki oğurluq cinayətlərində şübhəli bilindiyinə görə polis tərəfindən saxlanılıb. Şöbəyə gətiriləndə üzərindən narkotik maddə olan metanfetamin aşkar edilib. O, istifadəçisi olduğunu etiraf edib.
Namiq Rüstəmovun vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, müvəkkilinə 234.1 maddəsiylə həbs-qətimkan tədbiri seçilib. O, Gəncə İstintaq Təcridxanasında saxlanılır.
“Başımıza gələnlərə biganə qalmayın”
Emilya İsgəndərova prezidentə müraciət edib:
“Bir oğlum Laçında xidmət edir, digər oğlumu şərləyib tutublar, özüylə görüşə bilməsək də, bir neçə dəfə telefonda danışmışıq, hədə-qorxu, fiziki zor tətbiq etməklə “etirafedici” ifadə yazdırıblar. Azyaşlı balaları mənim üstümdə qalıb. Özüm şəkərdən, təzyiqdən əziyyət çəkirəm, həyat yoldaşım insult keçirib. Oğlumun başına gələnlərə biganə yanaşmayın, bir gəncin həyatının məhv olmasına imkan verməyin”, – ana prezidentə müraciətində yazıb.