Conson ukraynalıların mübarizəsinə nikbin yanaşır
“Ukrayna hakimiyyətinin müharibənin gedişatını dəyişə biləcək real planı var və bu planı tərəfdaşları ilə bölüşüb”.
Bunu Madriddə Böyük Britaniyanın Baş naziri Boris Conson “European Pravda”nın sualını cavablandırarkən deyib.
Baş nazir Kiyevin qalibiyyətinə nikbin yanaşdığını söyləyib:
“Mən Ukraynaya bu sammitlər seriyası başlamazdan əvvəl, məhz Zelenskinin və Ukrayna hakimiyyətinin baxışının nə olduğunu anlamaq üçün səfər etdim. Onlar, həqiqətən də, bu il, hətta yaxın aylarda da müharibənin dinamikasını dəyişməyin yolunu görürlər. Ona görə də indi Ukraynanın dayana bilməsi üçün bacardığımız qədər kömək etməyimiz vacibdir”.
“İnanıram ki, Ukrayna Rusiyanı 24 fevral tarixindən əvvəl olduğu sərhədlərə geri itələmək üçün lazım olan hər şeyə malikdir. Bu, Volodimir Zelenskinin dediyi kimi, onun əldə etmək istədiyi və planlaşdırdığı nəticədir”, – deyə Conson bildirib.
Boris Conson Ukraynaya yeni silahların verilməsinin zəruriliyini vurğulayıb:
“Xüsusi əhəmiyyət kəsb edən əsas məsələ MLRS-in Ukraynaya çatdırılmasıdır. Mən ukraynalıların onlardan səmərəli istifadə etməsinə heyranam”.
Ukrayna Prezident Volodimir Zelenski G7 sammitində toplaşan dünya liderlərini ilin sonunadək Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
“Odessa vilayəti Rusiya işğalçılarından təmizlənir”
“Zmeynıy adasının (İlan adası) azad edilməsi ilə Odessa vilayəti Rusiya işğalçılarından tamamilə təmizlənir”.
Bunu Odessa Vilayət Hərbi Administrasiyasının rəhbərinin nümayəndəsi Sergey Bratçuk deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Beloe kəndinin yerləşdiyi adanı tərk etmək məcburiyyətində qaldıqdan sonra rayonda işğalçı qalmayıb.
İyunun 30-da Pivden Əməliyyat Komandanlığı bildirib ki, gecə saatlarında Ukraynanın raket və artilleriya bölmələri Zmeynıy adasını atəşə tutub.
Bundan sonra Rusiya hərbçiləri iki sürətli qayıqla qarnizonun qalıqlarını tələsik təxliyə edib.
Daha sonra adanın azad edilməsi faktını Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da təsdiqləyib.
“Rusiya BMT-nin qərarı olmadan qəbul edilmiş sanksiyaları tanımır”
Qərbin sanksiyalarının məqsədi çoxlu sayda sadə Rusiya vətəndaşını mümkün qədər incitməkdir.
Bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev iyunun 30-da Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda səsləndirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının beynəlxalq ödəniş sistemlərindən istifadəsinə qadağa qoyulması onlara qəsdən zərər vurmaqdır: “Vurğulayıram: bunlar adi vətəndaşlardır, dövlətin rəhbərliyi və ya biznes elitası deyil”.
Dmitri Medvedev deyib ki, Rusiya BMT-nin qərarı olmadan qəbul edilmiş sanksiyaları tanımır.
Rusiyanın atdığı raketlər Ukraynada 40 tonluq taxıl anbarını dağıdıb
Rusiya qoşunları Dnepropetrovsk vilayətinin Böyük Kostromada kəndinin mərkəzinə raket zərbələri endirib.
Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko “Telegram” kanalında məlumat paylaşıb.
“Düşmən Krivoy Roq rayonunun şəhər və kəndlərinə terror etməkdə davam edir. Səhər saatlarında Zelenodolsk camaatına müxtəlif silahlardan bir neçə dəfə atəş açılıb. Böyük Kostromada zərbə kəndin mərkəzinə düşüb”,- deyə Valentin Rezniçenko yazıb.
O, dağıntı olduğunu qeyd edib, eyni zamanda, Zelenodolskda kənd təsərrüfatı müəssisəsinin vurulduğunu bildirib:
“40 ton taxıl olan anbarı dağıdıblar. Partlayış yanğına səbəb olub. Əvvəllər insanlar xəsarət almırdı”, – deyə o yazıb.
Rezniçenkonun sözlərinə görə, hazırda regionun digər ərazilərində sakitlikdir.
Rusiyada kinoteatrlar bağlanır
Rusiyada kinoteatrların üçdə biri fəaliyyətini dayandırıb.
Ukraynadakı hərbi əməliyyatlar başlayandan sonra Hollivud kinostudiyaları Rusiya prokatında filmlərin nümayişini dayandırıb.
Yerli filmlər isə kifayət qədər kassa toplamır.
İlin əvvəlindən etibarən kinoteatr sahiblərinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz azalıb.
Mütəxəssislərin fikrincə, yaxın vaxtlarda vəziyyət daha da pisləşəcək.
2022-ci ilin martında Rusiya Kino Sahibləri Assosiasiyasının yaydığı bəyanatda bildirilib ki, sanksiyalara görə ölkə kinoteatrları gəlirlərinin 80 faizini itirə bilər.
Rusiya kino sahəsində ümumilikdə 55 min insan çalışır.
Bunlardan 35 mini kinoteatr əməkdaşları, 20 min nəfəri isə kino istehsalatı sahəsində çalışanlardır.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.