Saat 19.30-a olan məlumata görə, 10 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Zelenski xalqa və dünyaya səsləndi
Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuk qəsəbəsində ticarət mərkəzinə raket zərbəsi endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın aviazərbəsini təsdiqləyərək binanın içərisində mindən çox mülki şəxsin olduğunu bildirib.
“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raket atəşinə tutub. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, – Zelenski belə yazıb.
V.Zelenski deyib ki, ticarət mərkəzi Rusiya ordusu üçün heç bir təhlükə yaratmırdı.
O həmçinin obyektin strateji əhəmiyyət daşımadığını da qeyd edib.
“Yalnız insanların normal həyat sürmək cəhdləri işğalçıları çox qəzəbləndirir. Rusiya adi vətəndaşlar üzərindəki iqtidarsızlığını aradan qaldırmağa davam edir. Onun tərəfindən adekvatlıq və insanpərvərliyə ümid bəsləmək əbəsdir”, – deyə Ukrayna lideri vurğulayıb.
“Reuters” isə 2 nəfərin öldüyünü, 20 yaralının olduğunu qeyd edib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.