Makron: “Biz Rusiya ilə müharibə aparmırıq”
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı ritorikasını gücləndirsə də, Moskva ilə danışıqlara çağırıb.
E.Makron bunu Rumıniyaya səfəri zamanı deyib.
“Biz Rusiya hərbi qüvvələrini dayandırmaq, ukraynalılara və onların ordusuna kömək etmək və danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik”, – deyə Makron bildirib.
Fransa lideri daha sonra əlavə edib:
“Biz Rusiya ilə müharibə aparmırıq. Ukrayna prezidenti və onun rəsmiləri Rusiya ilə danışıqlar aparmalı olacaqlar. Nə vaxtsa yanğını dayandırmaq və danışıqları bərpa etmək lazım gələcək. Biz də təhlükəsizlik zəmanəti verərək masa arxasında olmalıyıq. Bu, reallıqdır və baş verməlidir”.
“Ukraynalılar uzun müddətli müharibə aparmağa hazır olmalıdırlar”
“Ukrayna daha çox ağır silahlara malik olmalıdır. NATO müttəfiqləri və tərəfdaşları isə uzun müddətdir ki, ağır silahlarla təmin ediblər, lakin onlar səylərini gücləndirirlər”.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Haaqada Niderland, Danimarka, Rumıniya, Belçika, Polşa, Portuqaliya və Latviya liderləri ilə görüşdən sonra deyib.
İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun iclası keçiriləcək.
“2014-cü ildən NATO müttəfiqləri prezident Putinin qəddar işğalı ilə mübarizə aparan on minlərlə ukraynalı əsgər və zabitə təlim keçib və silahlandırıblar. Lakin onlar uzun yola hazır olmalıdırlar, çünki necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Yəni bu müharibə necə və nə vaxt bitəcək. Belə ki, onlar uzun müddətli müharibə aparmağa hazır olmalıdırlar və biz də dəstək verməkdə davam edəcəyik”, – baş katib belə deyib.
“Ukrayna məğlub olsa, növbəti hədəf Baltikyanı ölkələr olacaq”
Rusiyanın Ukrayna ilə müharibəsi iki ilə qədər, demokratiyaya keçidi və digər ölkələrlə münasibətlərin bərpası isə on il çəkə bilər.
Bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.
“Əlbəttə, “de-Putinləşdirmə” prosesi də həyata keçirilməlidir. Sivil dünya, ilk növbədə Avropa İttifaqı ölkələri ilə etimad elementlərini yaratmaq, gücləndirmək üçün on il vaxt lazımdır”, – deyə Kasyanov bildirib.
Keçmiş Baş nazir çoxları kimi Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağına inanmadığını söyləyib.
Onun fikrincə, Vladimir Putin siyasi reallıqla əlaqəni itirib.
M.Kasyanovun qənaətincə, Ukrayna məğlub olarsa, növbəti hədəf Baltikyanı ölkələr olacaq.
O, Putin rejimini hətta Sovet İttifaqının son dövrü ilə müqayisədə daha həyasız, daha qəddar adlandırıb: “Bəli, bu, əslində tam qanunsuzluğa və cəzasızlığa əsaslanan “KQB” sistemidir”.
M.Kasyanov 2000-2004-cü illərdə Rusiyanın Baş naziri olub.
O, hazırda ölkədən kənarda yaşayır.
Arnold Şvartsneger: Bizim əlimizdə qan var, çünki müharibəni maliyyələşdiririk
Amerikalı aktyor Arnold Şvartsneger dünya ölkələrini Rusiyadan yanacaq ehtiyatlarının tədarükünü tez bir zamanda dayandırmağa çağırıb.
Bu barədə aktyor Vyanada iqlim sammitindəki çıxışında danışıb.
“Kimliyindəna asılı olmayaraq, bu barədə nə düşünürsünüzsə, bilin, bizim əlimizdə qan var, çünki müharibəni maliyyələşdiririk. Özümüzə yalan danışmağa ehtiyac yoxdur. Biz artıq qazıntı yanacaqlarından uzaqlaşmaq üçün lazım olan hər şeyə sahibik. İndi isə mənəvi öhdəliyimizi yerinə yetirmək üçün texnologiyalar var”, – A. Şvartsneger belə söyləyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.