Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 110-cu günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Meydan TV

Avropa liderləri Kiyevə gedəcəklər

Fransa Prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şolzun və İtaliyanın Baş naziri Mario Draqinin Ukraynaya səfəri gözlənilir.

Səfərin iyunun 16-da baş tutacağı bildirilir.

Kiyev. Foto: Reuters

Bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bu səfərlə onlar Avropa İttifaqının üç ən böyük ölkəsinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək ifadə etmək niyyətindədirlər.

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsindən bəri üç liderdən heç biri Kiyevdə olmayıb.


Beynəlxalq Amnistiya Təşkilatı: Rusiya kaset bombalardan istifadə edir

Rusiya ordusunun Xarkovu kaset bombalardan və idarə olunmayan raketlərdən atəşə tutması nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Bu barədə Beynəlxalq Amnistiya Təşkilatının (“Amnesty International”) iyunun 13-də yaydığı hesabatda deyilir.

Təşkilatın müharibə zonasına ezam olunmuş əməkdaşları aprel və may aylarının 14 günü ərzində Rusiyanın Xarkova endirdiyi 41 zərbənin yaratdığı vəziyyəti araşdırıblar.

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, bu müddət ərzində 62 nəfər ölüb, 196 nəfər yaralanıb: “Xarkov hərbi-mülki administrasiyasının tibb şöbəsinin müdirinin sözlərinə görə, müharibə başlayandan 606 xarkovlu həlak olub, 1248 nəfər yaralanıb”.

Təşkilatın araşdırmalarından məlum olub ki, Rusiya ordusu yaşayış məntəqələrini atəşə tutarkən dəfələrlə 9N210/9N235 kasetli sursatlardan və piyada əleyhinə parçalanma minalarından istifadə edib.

Xarkov. Foto: Reuters

Hesabatda deyilir ki, aprelin 15-də Xarkovun “Mira” küçəsində kasset bombasının partlaması zamanı 9 nəfər həlak olub, 35 nəfər yaralanıb: “Onların çoxu uşaq idi. Həkimlərin cəsədlərdən və yaralılardan çıxardıqları metal hissəciklər təsdiqləyir ki, bunlar 9N210/9N235 tipli kaset sursatlardır. Atışma baş verdiyi uşaq meydançasında hüquq müdafiəçiləri bu tip döyüş sursatının fraqmentlərini də aşkar ediblər”.

Təşkilat bildirib ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi “Qrad” və “Uraqan” idarə olunmayan raketləri hədəfi dəqiq vurmaq iqtidarında deyil: “Artilleriya mərmiləri çox vaxt hədəfdən 100 metrdən çox uzaqlaşır. Evlərin bir-birindən cəmi bir neçə metr məsafədə olduğu yaşayış məntəqələrində bu cür raketlərdən və adi artilleriyadan istifadə qaçılmaz olaraq çoxlu mülki itkilərə və mülki infrastrukturun kütləvi şəkildə dağılmasına səbəb olur”.

“Kasset bombaları və piyada əleyhinə minalara gəlincə, Rusiya onlardan istifadəni qadağan edən beynəlxalq müqavilələrə qoşulmayıb. Ancaq mülki insanları öldürən və mülki infrastrukturu məhv etmək müharibə cinayəti sayılır”, – hesabatda belə deyilir.


“Rusiyanın vilayəti top atəşinə tutması kütləvi təxliyəyə imkan vermir”

Rusiya qoşunları Luqansk vilayətində Severodonetsk şəhərinin 70 faizinə nəzarət edir.

Bunu Luqansk Vilayət Administrasiyasının rəhbəri Sergey Qayday “Facebook” səhifəsində yayıb.

Onun sözlərinə görə, Rusiyanın vilayəti top atəşinə tutması nəticəsində kütləvi təxliyə və humanitar yüklərin daşınması mümkün deyil:

Foto: Sergey Qaydayın “Facebook” səhifəsindən

“Hərbçilər gündə cəmi bir neçə nəfəri çıxarmağa nail olurlar”.

Sergey Qayday bildirib ki, ruslar Severodonetskin əksər hissəsinə tam nəzarət edir: “”Azot”da 500-ə yaxın sakin qalıb ki, onlardan 40-ı uşaqdır. Sənaye zonası düşmənin iri çaplı artilleriyası tərəfindən şiddətli atəşə tutulur”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 110-cu günü: yenilənən xəbərlər