Hökumət ərizəçilərə təzminat ödəyəcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 9-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib.
Qərarlar mülkiyyət, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.
“Adil Dadaşov və Tural Hacıbəyli Azərbaycana qarşı” işdə məhkəmə hər iki ərizəçiyə münasibətdə azadlıq, toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşırması hüququnun (6.1 və 6.3) pozuntusunu tanıyıb.
Qərara əsasən, hökumət əriziəçilərin hər birinə mənəvi zərər əvəzi 4000 avro, ikinci ərizəçinin təmsilçisinə hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.
Bu işdə birinci ərizəçi 2009-cu il tarixdə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahkar bilinib.
Daha sonra o, 3 sutkalıq inzibati həbs cəzasına məhkum olunub.
İkinci ərizəçi də eyni əməldə günahlandırılıb, cəzalandırılıb.
Ərizəçilər polisdə saxlanılarkən su, yemək, yataq verilmədiyini, pis rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunduğunu iddia edib.
“Əliyevlər Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi ərizəçilərin şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib.
Hökumət ərizəçilərə mənəvi zərərə və məsrəflərə görə, ümumilikdə 7094 avro təzminat ödəyəcək.
Ərizəçilər Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev iddia ediblər ki, hərbi xidmətdə olarkən Naxçıvan şəhərindəki hərbi qəsəbədə onlara dövlət hesabına verilmiş mənzildən çıxarılmaları qanunsuz olub.
Ərizəçilər AİHM qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnun pozuntusunu qaldırıb.
“Cümşüd Bayramov Azərbaycana qarşı” işdə məhkəməyədək həbsin qanunsuzluğu mübahisələndirilib. Bu işdə tərəflər dostca anlaşıb.
Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.
“Əlikram Xurşidov Azərbaycana qarşı” iş Müsavat Partiyası fəalı olan ərizəçinin məhkəməyə qədər həbsinin qanunsuzluğu iddiaları ilə bağlıdır.
AİHM hökumətin təqdim etdiyi, iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannaməyə əsasən, ərizəni baxılacaq işlərin siyahısından xaric edib.
Hökumət ərizəçiyə 3500 avro ödəməlidir.