Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 106-cı günü: yenilənən xəbərlər

Ukrayna, Donetski. Mənbə: Reuters

Zelenski Putinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiya fərmanı imzalayıb.

Fərmanda Rusiya lideri ilə yanaşı, Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla daha 34 nəfər adı var.

V.Putin və V.Zelenski. Foto: Meydan TV

Sənəddə adları keçən şəxslərin Ukraynadakı aktivlərinin və əmlakının bloklanması, kapitallarının çıxarılmasının qarşısının alınması qeyd olunub;

Eyni zamanda, sanksiya altında olanlara Ukrayna sərhədindən hər hansı bir şəkildə keçməyə, ərazi sularına və hava məkanına daxil olmaq qadağan edilib:

“Həmçinin, rusiyalı məmurlara qiymətli kağızlarla əməliyyatlar qadağan olunur, vizaların verilmir, Ukraynanın dövlət mükafatlarından məhrum edilir, ölkə əmlakının özəlləşdirilməsinə və icarəyə verilməsinə qadağa qoyulur”.


Avropa Parlamenti Ukraynaya namizəd statusunun verilməsini istəyir

Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib.

Bu barədə Avropa Parlamentinin iyunun 8-də qəbul etdiyi qətnamədə bildirilir.

Avropa Parlamentinin deputatları həmçinin Ukraynanın yeni silahlarla təmin edilməsini dəstəkləyiblər.

Deputatlar Rusiyanın Beynəlxalq Ədalət Məhkəməsinə verilməsi ilə bağlı mövqelərini də ifadə ediblər.

438 deputat qətnaməni dəstəkləyib, 65 nəfər əleyhinə səs verib, 94-ü isə bitərəf qalıb.

Sənəddə bildirilir ki, Aİ dövlətləri ilə Ukrayna arasında ikitərəfli razılaşmalar əsasında Kiyev dərhal silahla təmin edilməlidir.

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Bu çərçivədə Avropa İttifaqı artıq Ukraynaya silah alınması üçün 2 milyard avro ayırıb.

Qətnamədə deyilir ki, Rusiyanın 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya qarşı təcavüzünə “adekvat” cavab verilməməsi Moskvanı aqressiv hərbi və siyasi kampaniyaları, o cümlədən genişmiqyaslı işğalı davam etdirməyə sövq edib.

Qətnamədə “Moldova və Gürcüstanın Avropa istəkləri” də qeyd olunur: “Əgər bu il ərzaqla bağlı problemlərdən danışırıqsa, gələn il ərzaq çatışmazlığından danışacağıq və bu, bütün dünyada 1,6 milyarddan çox insana təsir edəcək”.


BMT-nin Baş katibi: “Müharibə misli görünməmiş aclıq, yoxsulluq, xaos gətirir”

“Ərzaq qiymətləri rekord həddə çatıb və bu, ilk növbədə Asiya və Cənubi Amerika əhalisinə təsir edəcək”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Baş katibin sözlərinə görə, dünya Rusiyanın Ukraynaya təcavüzündən üç ay sonra yeni reallıqla üz-üzədir:

Antonio Quterreş, lev radin/shutterstock

“Hər gün yeni qan və iztirablar gətirir. Müharibə digər böhranlarla yanaşı, misli görünməmiş aclıq, yoxsulluq, sosial və iqtisadi xaos gətirir”.

Antonio Quterreş növbəti dəfə Ukrayna taxılının daşınması planının hazırlanmasına çağırıb.

Hesablamalara görə, söhbət 20 milyon ton məhsuldan gedir.


Severodonetskdə döyüşlər davam edir

Rusiya ordusu Severodonetsk şəhərinin müdafiəsini yarmaq üçün uğursuz axtarışlarını davam etdirir.

Bu açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Severodonetsk istiqamətində düşmən minaatan, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən qoşunlarımızın bölmələrinə atəş zərbəsi endirib. Onlar Severodonetsk, Lisiçansk, Privolye, Ustinovka, Qornoye və Katerinivka yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar. İşğalçılar Toşkovkaya hava hücumu edib və uğursuz hücum həyata keçiriblər”, – Baş Qərargah əlavə edib.

Ukrayna, Donetsk. Mənbə: Reuters

Eyni zamanda, Katerinivka kəndi istiqamətində də ukraynalı əsgərlərin Rusiya ordusunu itkiyə məruz qoyduğu və geri çəkilməyə məcbur etdiyi qeyd olunub.

“Cənub istiqamətində, Xersonda isə son sutka ərzində Ukrayna hərbçiləri 30 rus işğalçısını öldürüb, 6 texnikanı, həmçinin üç səhra sursat anbarını sıradan çıxarıb”, – “Cənub” Əməliyyat Komandanlığının məlumatında belə deyilir.


“Ukraynaya 2 milyard dollarlıq silah vermişik”

Polşa Ukraynaya ümumilikdə 2 milyard dollar dəyərində silah tədarük etdiyini deyir.

Bu açıqlamanı Polşa Prezidenti Anjey Duda iyunun 9-da Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

Anjey Dudanın sözlərinə görə, Ukraynaya ağır silahlar, o cümlədən tanklar lazımdır: “Biz ora 240-dan çox tank, 100-ə yaxın zirehli texnika və silah göndərdik. Tüfənglər, sursatlar, raketlər. Ümumilikdə 2 milyard dollar dəyərində silah göndərdik”.

O, bunların böyük xərclər tələb etdiyini, lakin Polşa tərəfinin ehtiyacı anladığını vurğulayıb.

Anjey Duda. Mənbə: BBC

Eyni zamanda Duda belə imkanı olan hər kəsi Kiyevi silahla, məsələn, artilleriya ilə təchiz etməyə çağırıb.

Polşa lideri söyləyib ki, Ukraynaya 240 ədəd təhvil verdikləri köhnə sovet tankları üçün Almaniyadan ən müasir olmasa da, bir neçə Leopard tankı alacaqlar.

Polşa Prezidenti Almaniya və Fransa liderlərini də tənqid edib.

“Olaf Şolts və Emmanuel Makronun Vladimir Putinlə telefon danışıqlarını davam etdirməsini doğru saymıram. Kimsə II Dünya müharibəsi zamanı Adolf Hitlerlə belə danışıb?”, – deyə Polşa Prezidenti sual edib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəUncategorized @azRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 106-cı günü: yenilənən xəbərlər