Pünhan Kərimli polisin yalan danışdığını deyib
Üç ilə yaxın Almaniyada mühacir kimi yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya olunub, iki ay sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyunun 22-də prokuror ona cəza istəyəcək.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baxılır. İyunun 8-də keçirilən məhkəmədə Pünhan Kərimlinin tutulmasında iştirak edən polislər şahid kimi dindirilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olan üç polis iddia edib ki, onlar Pünhan Kərimlidə narkotik olması haqda məlumat almışdılar. Onu Nərimanov parkının yanında saxlayıb, Nərimanov Rayon Polis İdarəsinə aparıblar. Orada üstündən heroin və metamfetamin (“patı”) çıxıb.
“Dedi ki, Xətai rayonunda tanımadığı adamdan alıb”, – polislər belə deyib.
Pünhan Kərimli onların yalan danışdığını, dindirilən polislərin ona işgəncə verilməsində iştirak etdiyini bildirib:
“Məndə narkotik olmayıb. Bəs niyə araşdırmadılar ki, kimdən almışam, kimə satacaqdım? Çünki özləri qoyublar”.
Məhkəmə iclasında Pünhan Kərimli polislərdən birindən övladı olub-olmadığını soruşub. O, bu suala cavab vermək istəməyib.
“Mən də bir kişinin övladıyam. Əgər məndə narkotik olubsa, Allah məni sabaha sağ çıxarmasın. Yoxsa mənim başıma gətirdikləriniz balanın başına gəlsin…”, – polisə belə deyib.
Məhkəmədə Pünhan Kərimlinin atası da dindirilib. O bildirib ki, oğlu taksi fəaliyyətilə məşğul olmaqdan ötrü VÖEN açdırmaq üçün vergi idarəsinə gedib. Onlar Nərimanov parkında birlikdə olublar, oğlu ayrılıb idarəyə gedib. Az sonra oğluna zəng eləsə də, zəng çatmayıb:
“Fikirləşdim ki, dövlət orqanıdır deyə, telefonu söndürülüb, getdim işimin arxasınca. Günorta evə gəldim, anası dedi ki, Pünhan gəlməyib. Böyük oğlum da dedi ki, ona zəng çatmır. Axşam 8-ə qədər gözlədik. Ondan sonra “102”yə zəng elədim. Yarım saat sonra 18-ci polis bölməsindən Zöhrab Salmanov adlı şəxs mənə zəng elədi. Ertəsi gün səhər saat 9-da onun yanına getdim. Dedim, ailəmiz darmadağın olub, yerini bilirsinizsə, deyin, toxtaqlıq tapaq, anası xəstədir. İnsanın gözünə baxanda görünür ki, yalan danışır. Yenə də düzünü mənə demədi. Ayın 26-da axşam saatlarında zəng gəldi. Zəng eləyən dedi ki, Nərimanov Rayon Polis İdarəsində “İVS”dədi. Bu sözün mənasını heç bilmirdim. Onda bildim ki, polisdə saxlama yeridir. Dedi ki, Pünhan tutulub, ona yemək, siqaret gətir”.
Oğlunun ali təhsilli, idmançı olduğunu vurğulayan Vahid Kərimov onun siyasi baxışlarına və Yasamalda polislərin hərəkətinə qarşı Almaniyada keçirilmiş etiraz aksiyasında iştirakına görə şərləndiyini vurğulayıb:
“Pandemiya dövründə Yasamalda polislərin başına zibil atmışdılar, səhəri gün polislər adamları evlərindən döyə-döyə lüt aparmışdılar. Buna etiraz aksiyasında oğlum iştirak eləyib. Şərlənməsinin səbəblərindən biri budur”.
O, Pünhan Kərimlinin məhkəməsinə gələnlərin prosesi izləməyə buraxılmamasına da etiraz edib: “Niyə gələnləri məhkəməyə buraxmırlar?”
Vəkili Pünhan Kərimli saxlanıldığı yerdə olan kameraların görüntülərinin alınması haqda vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Pünhan Kərimli özü isə təkrar ekspertiza tələb edib:
“Narkotik istifadəçisi olub-olmamağımla bağlı ekspertiza rəy verib, amma məndən heç bir analiz götürülmədən…”
Bu vəsatət də təmin olunmayıb.
Məhkəmə istintaqının yekunlaşmasına qərar verilib. Məhkəmə prosesi iyunun 22-nə qədər təxirə salınıb.
İddia olunur ki, AXCP üzvünün üzərindən iki bükümdə metamfetamin və heroin tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham irəli sürülüb. Pünhan Kərimli özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir.
İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.