İcra hakimiyyətinin “pulyığanı” kimi təqdim olunan mühasib hələ də bu qurumda işləyir
Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, beynəlxalq dərəcəli idman ustası Elnur Şıxəliyev Bakıda yaşasa da, əslən İmişli rayonundandır. Onun İmişlidə heyvandarlıq sahəsilə bağlı biznesi var.
Bu barədə aprelin 18-də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin məhkəməsində danışan idmançı bildirib ki, 2019-cu ildə heyvandarlığı inkişaf etdirmək məqsədilə torpaq almaqdan ötrü icra hakimiyyətinə müraciət edib. Onun sözlərinə görə, torpaq sahəsi ayrılması üçün ondan 20 min manat pul istənilib. Həmin vəsaiti də icra hakimiyyətinin mühasibatlığına ödəyib.
“Ödənişi edəndən sonra torpaq sahəsinin sərəncamını aldım”, – Elnur Şıxəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilərkən bildirib.
Vilyam Hacıyev həmin vəsaitin ona çatmadığını bildirib. Sabiq icra başçısı vurğulayıb ki, torpaq sahəsinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında olan məsələdir:
“Belə olan halda, vətəndaş niyə icra hakimiyyətinə pul ödəməlidir?”
Qarabağ müharibəsi veteranı Arif Ələkbərov isə icarəyə götürdüyü torpaq sahəsinin icarə müqaviləsini artırmaq üçün 1000 manat pul verdiyini deyir: “Rayonumu tərk etmək istəmirdim. Ona görə icra hakimiyyətinə müraciət edib, torpaq sahəsi istədim. Mənə 2001-ci ildə sərəncamla icarəyə torpaq sahəsi vermişdilər. İcarə müqaviləsinin vaxtı bitdikcə yeni müqavilə imzalayırdıq. 2018-ci ildə yenidən müqavilə imzalamaq üçün icra hakimiyyətinə müraciət etdikdə məndən 1000 manat pul istədilər. Hüseyn adlı şəxsə pulu verdim ki, müqaviləmin vaxtını artırsınlar. Hüseyn dedi ki, Vilyam Hacıyevin göstərişidir”.
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev isə Vilyam Hacıyevə 3000 manata yaxın pul verdiyini iddia edir. O zaman icra başçısıyla şəxsi münasibətlərinin normal olduğunu vurğulayan şahidin sözlərinə görə İmişlidə abadlıq işlərilə əlaqədar icra hakimiyyətindən tapşırıq vermişdilər, bu məqsədlə 1000 manat pul tələb olunurdu:
“Mən də pulu baş mühasib Cəmil Musayevə verdim. Daha sonra yenidən yolların tikintisi üçün 1000 manat istədilər. 7-8 il ərzində icra hakimiyyətinə 3 min manata pul vermişəm”.
İmişlidə yerli Arxiv İdarəsinin rəisi işləmiş Tərlan Əliyev də məhkəmədə dindirilib. O bildirib ki, hər il Milli Arxiv İdarəsindən yerli idarəyə ayrılan 1000 manatı icra hakimiyyətinə verirdi. Onun sözlərinə görə, həmin vəsait idarənin təmiri üçün nəzərdə tutulurdu. Amma təyinatı üzrə xərclənmədiyindən idarə bərbad vəziyyətdə idi. Onun dediyinə görə, sonradan məcbur olub, öz vəsaiti hesabına təmir etdirib:
“Arxiv üçün tam yararsız idi. Sənədlər rəflərdə yox, ayaq altında olurdu. Hər il təmir üçün ayrılan 1000 manatı Cəmil Musayevə verirdim. O da deyirdi ki, Vilyam Hacıyevə verir”.
Tərlan Əliyev əlavə edib ki, rayonda Vergi İdarəsinin rəisi işləyəndə icra başçısı ilə münasibətləri pisləşmişdi:
“İcra başçısı ilə aramızdakı müharibə az qala, respublika səviyyəsinə çatmışdı…”
Vilyam Hacıyev isə bu şəxsdən pul almadığını deyir:
“Bu yoldaşı ilk dəfədir görürəm. Əgər səndən pul alınırdısa, niyə gəlib mənə şikayət etmirdin? Ayrılmış vəsaiti kiməsə vermisənsə, buna görə özün də məsuliyyət daşıyırsan”.
Tərlan Əliyev öz məsuliyyətini də başa düşdüyünü, lakin başqa çarəsi olmadığını bildirib:
“Cəmilə vermişəm. O Cəmil əvvəl büzüşə-büzüşə gəzirdi. Siz icra başçısı gələndən sonra sinəsini qabağa verib, özünü birinci müavin kimi aparırdı…”
Cəmil Musayevin adı demək olar, hər məhkəmə iclasında hallanır, dindirilən şahidlər ona pul verdiyini deyir.
O, hələ də icra hakimiyyətində baş mühasib vəzifəsində işləyir. Sabiq icra başçısının məhkəməsində dindirilən Musayev rüşvətalma prosesində aktiv iştirak etdiyini özü də təsdiqləyib. O bildirib ki, aldığı pulları icra başçısına verirdi.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.