Yunis Səfərov: “Məni bu addımı atmağa vadar edən məmur özbaşınalığıyla bağlı mövcud durumdur”

Yunis Səfərov, Foto: Meydan TV

Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladı

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin apelyasiya şikayəti təmin olunmayıb. Aprelin 15-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə onların barəsindəki hökmün dəyişdirilmədən qüvvədə saxlanması haqda qərar qəbul edilib.

Məhkəmədə Yunis Səfərov çıxış edib, hadisənin baş vermə səbəblərindən danışıb.

O deyib ki, Gəncədə belə bir ənənə var, hər il Aşurada mərkəzdən Şah Abbas məscidinə qədər yürüş olur. Sovet dövründə belə, Aşura izdihamla keçirilib. Elmar Vəliyev gələndən sonra isə uzun illər boyu ənənəvi olan yürüşün qarşısını polislər vasitəsilə alıb:

“Xalqın yanında olmalı polislər dəyənəklə insanların üstünə düşdülər. Dünyada demək olar, Şimali Koreya istisna olmaqla, ictimai taktika olaraq, müxtəlif məsələlərlə bağlı yürüşlər keçirirlər. Nəyisə dəstəkləyir, nəyəsə etiraz edirlər. Sağlam cəmiyyət üçün yürüşlər normal haldır. Anormal, xəstə, diktaturanın hökm sürdüyü cəmiyyətdə isə yürüşlər hakimiyyət tərəfindən təşkil oluna bilər. Vətəndaşlar öz təşəbbüsü ilə yürüş keçirə bilməzlər. Necə ki, Gəncədə qarşısı alındı”.

Hakim Yunis Səfərovun sözünü kəsməyə çalışsa da, o, çıxışına davam edib:

“Xahiş edirəm, məni dinləyəsiz. Mən sizə hadisənin baş vermə səbəbini izah edirəm. Bir dəfə Aşura bazar gününə düşmüşdü. Elmar Vəliyev əmr vermişdi ki, məktəblər işləsin. Bir dəfə şərab tədbiri keçirdi. Bir dəfə şəhərin mərkəzində günorta namazı vaxtı Şah Abbas məscidinin yanından keçirdim. Azan səsi gəlmədi. Məscidə getməyən adamlar üçün bu, sadəcə məlumat ola bilər. Öyrəndim ki, ayaqqabı ilə məscidə daxil olaraq, nalayiq ifadələr işlədib, adamları təhqir edib”.

Təqsirləndirilən şəxs deyib ki, o məscidin yaxınlığında vətənpərvərlik və mübarizə simvoluna çevrilmiş Cavad xanın məqbərəsi vardı, icra başçısı onu sökdürüb:

“Bu məntiqlə İçərişəhəri və Qız Qalasını da söküb yenidən tikmək olar? Axı onların dəyəri elə köhnə daşlardadır. Ona təəccübləmirəm ki Elmar Cavad Xanın məqbəsini sökdürdü. O təəccüblüdür ki, ziyalılar niyə buna susdular, reaksiya vermədilər? İndiyə qədər də bunu anlaya bilmirəm. Burada artıq qanunauyğunluq görürük. Aşuranın qəhrəmanı İmam Hüseyn kimi, Cavad Xan da mübarizə simvolu idi. Ədalətsizliklərə qarşı mübarizə aparırdı”.

“Məni bu addımı atmağa vadar edən Elmarın çirkin əməllərindən çox, məmur özbaşınalığıyla bağlı mövcud durumdur. Mən axtarışdaydım, üstümdə silah vardı”, – Yunis Səfərov davam edib. O, qaldığı yerdən danışıb:

“Hər yer beton idi, heç oturmaq belə olmurdu. Tərpənmək də olmurdu. Qonşular xəbər verər, tərpənmədən üç gecə orada qalmışam. Əgər mənə kömək eləyən olsaydı, bu vəziyyətdə olmazdım. Ora girib-çıxanda qonşular görürdülər. Kömək eləyən olsaydı, daha münasib yerdə qalardım. Müraciət edəcəyim, qala biləcəyim yer yox idi. Növbəti dəfə ora daxil olanda polislə qarşılaşdım. O, şübhələndi, sorğu-sual etdi, məcbur olub ona atəş açdım”.

Yunis Səfərov deyib ki, belə hadisələrin olmasına səbəb həm də təkliyidir:

“Sonuncu hadisənin də münasib olmayan yerdə baş verməsi də tək olmağımdan irəli gəlir. Mənə kömək eləyən olsaydı, elə bir yerdə baş verərdi ki, orada tutulmamaq ehtimalım daha az olardı. Niyə icra hakimiyyətinin binasında eləyirdim?! Orada daim polislər olur. Gəncədə bu işi görmək üçün ən münasib olmayan bir yer vardısa, o da icra hakimiyyəti idi.

Moskvadan gələn gündən həbs olunana qədər hansısa çətinliklərlə qarşılaşmışamsa, tək olmağım səbəb olub. Kim bu işi vicdanla, insafla araşdırsa, bu qənaətə gələr. Amma bizi yenə də mütəşəkkil dəstə olmaqda ittiham edirlər”.

Xatırlatma…

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası verilib.

Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.

Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb. Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir. O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb.

Ana səhifəSiyasətYunis Səfərov: “Məni bu addımı atmağa vadar edən məmur özbaşınalığıyla bağlı mövcud durumdur”