“Əsgər Anaları Komitəsi”: Təcili xidmət əsgərlərini kütləvi şəkildə müqavilə bağlamağa məcbur edirlər

“Novaya Qazeta”-nın materialı

Onları Ukrayna ilə sərhədə göndərirlər


Zorakı şəkildə müqaviləli xidmətə keçirilən təcili xidmət əsgərlərini Ukrayna ilə sərhədə aparırlar. Bu barədə “Novaya qazeta”ya Rusiya Əsgər Anaları Komitəsi sədrinin müavini Andrey Kuroçkin xəbər verib.


“Hissələrdə müqaviləli əsgər qıtlığı yaşanır və hissə komandirləri təcili xidmət əsgərlərinə təzyiq göstərərək, onları müvəqqəti müqavilə bağlamağa məcbur edir. Sonra bu müqavilələri pozacaqlarını vəd edirlər, lakin bunu etmək müşkül məsələdir. Son günlər onlarla valideyndən zəng gəlir. Döyüşçü anaları bizə xəbər verirlər ki, təcili xidmət əsgərlərinə sərhəddə silah verib, onlara artıq müqaviləli əsgər olduqlarını deyirlər. Heç bir açıqlama vermirlər, sonra uşaqlara zəng çatmır – onların əlindən bütün rabitə vasitələrini alırlar. Biz hazırda təcili xidmət əsgərləri barədə məlumatları yığır, onları Hərbi Prokurorluğa, Müdafiə Nazirliyinə və digər qurumlara təqdim edirik”, – Kuroçkin deyib.


O əlavə edib ki, “Əsgər Anaları Komitəsi” praktiki olaraq bütün bölgələrdə təcili xidmət əsgərlərinin kütləvi şəkildə müqavilə bağladıqlarını qeydə alırlar.


“Döyüşçülər müqaviləli xidmətə keçirildiklərini artıq sərhəddə, ya da ora yola düşməzdən az əvvəl öyrənirlər”, – Kuroçkin dəqiqləşdirib. Onun dediyinə görə, yaxın günlərdə əsgərə xidmətə çağırılmış gəncləri sərhədə təlimə göndəriblər. Onlar oradan valideynlərinə xəbər verirlər ki, hərbi biletlərindəki statusları təcili xidmət əsgərindən müqaviləli əsgərə dəyişdirilib.


“Agenstvo” dərcinin məlumatına görə, Rusiya Ukraynaya soxulmazdan bir neçə gün öncə təcili xidmət əsgərlərini Ukrayna ilə sərhədə yaxın əraziyə, Belqorod vilayətinə göndəriblər. Analar sosial şəbəkələrdə yazırlar ki, Rusiya ordusunda təcili xidmət keçən övladlarını Ukrayna ilə sərhədə göndərirlər. “Aqenstvo”nun yazdığı kimi, hətta 2021-ci ilin dekabrında əsgəri xidmətə çağırılanları da sərhədə göndəriblər.


Rusiyanın Müdafiə Nazirliyi təsdiqləyir ki, təcili xidmət hərbçilərini qaynar nöqtələrə göndərmirlər. Qanuna görə, təcili xidmət əsgərlərini hərbi əməliyyat zonasına yalnız orduda dörd ay xidmət etdikdən sonra göndərə bilərlər.

Ana səhifəXəbərlər“Əsgər Anaları Komitəsi”: Təcili xidmət əsgərlərini kütləvi şəkildə müqavilə bağlamağa məcbur edirlər