İctimai fəala qarşı təcavüzdə ittiham olunan şəxsin məhkəməsi qapalı keçiriləcək

Foto: Meydan TV

Əsgər Ağazadə ev dustaqlığına buraxılmadı

İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin işinə qapalı məhkəmə prosesində baxılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası yanvarın 26-da buna qərar verib.

Hərçənd, Sənay Qəhrəmanlının anası və məhkəmədəki qanuni nümayəndəsi, yazar Zümrüd Yağmur, vəkili Zibeydə Sadıqova bu məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib. Onlar prosesin açıq keçirilməsini istəyiblər. Zümrüd Yağmur vurğulayıb ki, o, bu məhkəmə prosesinin qapalı keçirilməsinin əleyhinədir.

Əsgər Ağazadənin vəkili isə prosesin açıq keçirilməsinə etiraz edib. Əsas gətirib ki, məsələ hər iki tərəfin şəxsi həyatından bəhs edir və iclasın qapalı keçirilməsi məqsədəuyğundur.

Hakimlər kollegiyası məhkəmənin qapalı keçirilməsinə qərar verib.

Əsgər Ağazadənin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib. Müdafiəçi vurğulayıb ki, Əsgər Ağazadə həbsindən az öncə ağır cərrahiyyə əməliyyatı keçirib, qaraciyərinin bir hissəsi atasına köçürülüb. Onun reabilitasiyası üçün azı altı ay vaxt lazımdır. Amma o, əməliyyatdan heç dörd ay keçməmiş həbs olunub.

Vəkil bildirib ki, Əsgər Ağazadəyə lazım olan müalicə üçün təcridxanada şərait yoxdur. O, məhz səhhəti ilə bağlı ev dustaqlığına buraxılmalıdır.

Zərərçəkmiş tərəf də, prokuror də onun ev dustaqlığına buraxılmasına etiraz edib. Məhkəmə həmin vəsatəti təmin etməyib.

Beləliklə, hakim növbəti məhkəmə iclasını fevralın 2-nə təyin edib.

Əsgər Ağazadənin anası Sürəyya Ağazadə Meydan TV-yə oğlunun günahsız yerə həbs edildiyini bildirib. Deyib ki, ona qarşı olan bütün iddialar əsassızdır:

“Oğlum tamamilə günahsızdır. Bəzi məsələlər var, mən onu gələcəkdə deyəcəyəm”.

Ekspertiaza rəyinə gəlincə, Sürəyya Ağazadə bildirib ki, ekspertiza rəyi ilə oğluna məxsus olduğu deyilən biomateriallar əslində Əsgər Ağazadəyə aid deyil:

“Mən bioloqam, bilirəm. O başqa bir şeydir və oğluma məxsus deyil. Həmin biomaterialların oğluma məxsus olduğunun təsdiqlənməsi üçün ən azı 50 ml olması lazımdır. Ancaq ekspertiza rəyində də göstərilir ki, həmin biomaterialların miqdarı azdır”.

Sənay Yağmurun vəkili Zibeydə Sadıqova isə Meydan TV-yə bildirib ki, məhkəmə ekspertiza rəyini tanıyıb və orada qeyd olunanlar səhv ola bilməz:

“Həmin biomaterial Əsgər Ağazadəyə məxsusdur. Məhkəmədə həm o sübuta yetirilib ki, 25 avqust tarixində Sənay Yağmur və Əsgər Ağazadə evdə birlikdə olublar. Əsgər Ağazadənin ifadələrində də bu, açıq şəkildə bildirilir. Üstəlik, ekspertiza onu da müəyyən edir ki, Sənay Yağmur bəkarətini məhz avqustun 25-də itirib”.

Vəkil bütün bunların sənəd-sübutla təsdiqləndiyini deyib:

“Bəli, bütün ekspertiza rəyləri və araşdırmalar göstərir ki, Əsgər Ağazadə Sənay Yağmura təcavüz edib”.

Sənay Yağmura qarşı təcavüzə görə cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur.

Ona qarşı Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sanay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Ötən il məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Əsgər Ağazadə özünü təqsirli bilmir. Xalası qızı onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaları rədd edir.

Ana səhifəSiyasətİctimai fəala qarşı təcavüzdə ittiham olunan şəxsin məhkəməsi qapalı keçiriləcək