Prokuror “İdeal”ın keçmiş rəhbərinə iş istədi

İlqar İsmayılov, Mənbə: https://1news.az/

İlqar İsmayılovun evinin müsadirə olunması tələb olundu

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova prokuror 8 il azadlıqdan məhrumetmə cəzası istəyib. Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən dövlət ittihamçısı bundan əlavə, iş adamının evinin müsadirə olunmasını təklif edib.

Prokuror bildirib ki, İlqar İsmayılovun AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva ilə şəriklik dövründə – 2013-2016-cı illərdə “İdeal Company”nin kassasından 680 min manat götürərək, şəxsi ehtiyaclarına xərcləyib.

Prokurordan sonra çıxış edən Zərifə Həmzəyevanın nümayəndəsi Samir İsayev bildirib ki, zərərçəkmiş tərəflə təqsirləndirilən arasında barışıq yoxdur:

“Barışıq olmadığı və zərər ödənilmədiyi üçün qanun çərçivəsində tədbir görülməsini istəyirik”.

İlqar İsmayılovun vəkilləri yanvarın 31-də keçiriləcək növbəti məhkəmə iclasında çıxış edəcək.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində ötən il dəyişiklik olub, şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un da rəhbəridir.

Ana səhifəSiyasətProkuror “İdeal”ın keçmiş rəhbərinə iş istədi