“Avtoritar və hərbi rejimlər mülki etirazlara qarşı dözümsüz mövqe sərgiləyirlər”
“Dünyada avtokratlar çarəsizləşir, çünki rəqibləri onlara meydan oxumaq üçün koalisiyalar yaradır”.
“Human Rights Watch” insan haqları təşkilatının yanvarın 13-də açıqladığı dünyada insan haqlarına dair illik hesabatda belə deyilir.
Təşkilat bildirir ki, dünyadakı avtokratik liderlər və hərbi rejimlər getdikcə mülki etirazlara qarşı dözümsüz mövqe sərgiləyirlər. Artan repressiv və zorakı hərəkətlərin hamısı onların çarəsizliyinin və güc üzərindəki zəifləməsinin göstəricisidir.
HRW hesab edir ki, 2021-ci ildə avtokratik liderlər əhəmiyyətli reaksiya ilə üzləşib.
Milyonlarla insan rejimlərin hakimiyyətinə meydan oxumaq və demokratiya tələb etmək üçün həyatlarını riskə ataraq, küçələrə çıxıb, etiraz edib.
“Human Rights Watch” təşkilatı həmçinin, bildirir ki, ölkələrdə siyasi fikir ayrılıqlarını bir kənara qoyub, korrupsioner və ya repressiv hökumətləri və ya liderləri devirməyə cəhd etmək üçün ittifaqlar yaratmaq istəyən müxalifət partiyalarının olması avtokratik hakimiyyətin zəiflədiyinin başqa bir göstəricisidir.
HRW “mümkün olmayan” müxalifət koalisiyalarına misal olaraq Baş nazir Andrey Babişin məğlub olduğu Çexiyanı və 2021-ci ildə 12 illik hakimiyyətdən sonra Benyamin Netanyahunun baş nazirliyinə son qoyulduğu İsraili göstərib.
“The Guardian” yazır ki, Macarıstanda Viktor Orbana və Türkiyədə Rəcəb Tayyib Ərdoğana gələcək seçkilərdə rəqib olmaq üçün müxalifət partiyalarının ittifaqları da yaradılıb.
Bütün bunlar göstəricilər siyahısındadır.
“Human Rights Watch”un dünya ölkələrindəki vəziyyəti təhlil edən hesabatını təqdim edən essedə təşkilatın direktoru Kennet Rot da iddia edir ki, Rusiya və Nikaraqua kimi ölkələrdə artan repressiyalar və “açıq-aşkar seçki çaşqınlığı” bunun əlaməti kimi qəbul edilməlidir: “Yəni bütün bunlar güc deyil, sadəcə, zəiflikdir. Avtokratların üstünlük təşkil etdiyi və demokratiyanın tənəzzülə uğradığına dair rəvayət var, lakin son 12 ayda insan haqları ilə bağlı tendensiyalara baxsanız, görərsiniz ki, baş verənlər avtokratlar üçün o qədər də çəhrayı görkəm almayıb”.
Kennet Rot həmçinin bildirib ki, Çin, Uqanda, Polşa, Myanmada və repressiv rejimlərin öz nəzarətlərini saxlamaq üçün mübarizə apardığı bir çox başqa yerlərdə küçələrə çıxan, tez-tez həyatlarını riskə atan insanlarla demokratiyaya ictimai dəstək artıb: “Dünyada repressiv rejimlərin getdikcə daha şiddətli və reqressiv hərəkətləri onların əzələlərini bükməsi kimi görünsə də, biz bunları getdikcə çarəsizlik aktları kimi qəbul edirik”, – Kennet Rot əlavə edib.
2021-ci ildə Myanma və Əfqanıstanda silahlı qruplar tərəfindən hakimiyyəti ələ keçirməsinə baxmayaraq, Kennet Rot onların hakimiyyətini normallaşdırmaq və ya mülki əhalini ram etməkdə uğursuzluq olduğunu bildirib: “Küçələrdə qan töküldüyünü görsək də, milyonlarla insanın hüquqlarının inkarını və avtokratik hökmdarların LGBTQ+ icmalarına, abortlara və ya qadın hüquqlarına hücum edən siyasətlərlə əhalinin diqqətini yayındıra bilməməsini qəbul etmək istəmədiyini də görürük”.
Bununla belə, Kennet Rot 2021-ci ildə qısamüddətli siyasi qazanclara diqqət yetirən və fövqəladə iqlim halları, bərabərsizlik, irqi ədalətsizlik və yoxsulluğun ən aktual problemlərini həll edə bilməyən demokratik hökumətlərin daha güclü rəhbərliyi olmadan demokratiyanın inkişaf edə bilməyəcəyini söyləyir.