Məhəmməd Əsədullayevin atası oğlunun qətlə yetirildiyini iddia edirdi
Xaçmaz sakini, 73 yaşlı Rufulla Əsədullayev ötən ilin noyabrında Meydan TV-yə müraciətində oğlu Məhəmmədin il yarımdır nə ölüsünün, nə də dirisinin tapılmamasından şikayətlənirdi. O, iddia edirdi ki, rayonun hüquq-mühafizə orqanları cinayətin üstünün açılması üçün lazımi addımları atmır.
1975-ci il təvəllüdlü Məhəmməd Əsədullayevin 17 iyul 2020-ci ildə evdən çıxıb geri qayıtmaması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, bu istiqamətdə istintaq gedib. Rufulla Əsədullayev bundan narazı idi. Deyirdi ki, oğlu intihar etməyib. Onun fikrincə, oğlu qətlə yetirilib.
Bu məsələ ilə əlaqədar prokurorluqdan Meydan TV-yə bildirilmişdi ki, Məhəmməd Əsədullayevin evdən çıxıb geri qayıtmaması faktına görə başlanmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda, meyitinin tapılması mümkün olmadığına görə 2020-ci il dekabrın 1-də dayandırılıb.
Yanvarın 11-də isə məlum olub ki, Məhəmməd Əsədullayevin meyitinin qalıqları tapılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, dekabrın 11-də Xaçmaz şəhərində Qudyalçay çayının kənarında insana aid kəllə və başqa sümüklər tapılıb. Sümük fraqmentləri məhkəmə-genetik ekspertizasından keçirilib. Ekspertizanın rəyi əsasında məlum olub ki, həmin sümüklər il yarım əvvəl itkin düşmüş Məhəmməd Əsədullayevə məxsusdur.
“Hazırda Xaçmaz Rayon Prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib”, – Baş Prokurorluqdan bildirilib.