Kəlbəcər istiqamətində vəziyyət gərginləşib (yenilənib)

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

***

22.26. Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin həlak olduğu haqda məlumat yayıb.

Nazirlik bildirib ki, sərhədin şərq istiqamətində sıravi əsgər Artur Mxitaryan və kiçik serjant Rudik Qaribyan həlak olub.

***

Ermənistan üç hərbçinin yaralandığını bildirir

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində vəziyyətin gərginləşdiyi deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

“Azərbaycan Ordusunun bölmələri heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir”,-deyə nazirlik qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi də vəziyyətin gərgin olduğu haqda məlumat yayıb. Ermənistan Azərbaycan tərəfinin artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etdiyini və atışmanın hələ dayanmadığını bildirib:

“Ermənistan tərəfdən itkilər barədə məlumatlar dəqiqləşdirilir, üç yaralı hərbçinin olduğu məlumdur”.

Bugünkü atışmada Azərbaycan ordusunun əsgəri Ayaz Nəzərov həlak olub.

Yanvarın 11-də Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında atəşkəsin pozulması məsələsinə də toxunulub.

Bu barədə Azərbaycan XİN-nin Mətbuat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb:

“Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb”.

Ana səhifəSiyasətKəlbəcər istiqamətində vəziyyət gərginləşib (yenilənib)