“Etdiklərini təkrarlasalar, daha ciddi tədbirlər görüləcək”
Baş Prokurorluq dekabrın 16-sı və 17-də bir neçə şəxsə xəbərdarlıq etdiyini açıqlayıb.
Onlar Zamiq Abuşov, Mehman Mahmudov, Mehdi İbrahimov, Rza Səfərsoydur.
Bu barədə qurumun yaydığı məlumatda qeyd edilir.
Səbəb kimi sosial mediada faktlara əsaslanmayan müxtəlif məlumatlar yaymaları göstərilir: “Yaydıqları məlumatlar qərəzli və sensasiya üçündür. Onlara hərəkətlərinin qanunsuz olduğu bildirilib. Deyilib ki, etdiklərini təkrarlasalar, barələrində daha ciddi tədbirlər görüləcək”, – Prokurorluq bildirib.
Prokurorluq bütün bunları “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən həyata keçirdiklərini vurğulayıb.
Məlumatda dekabrın 18-də jurnalist Səxavət Məmmədovun Baş Prokurorluğa dəvət olunduğu, sonra isə məhkəməyə aparılaraq 500 manat cərimələndiyindən də bəhs edilib.
Səbəb kimi isə şəxsi sosial media hesabından ölkənin hərbi strukturlarının fəaliyyətinə dair məlumatlar paylaşması göstərilib.
Qurum həmin məlumatların yayılmasının qanunla qadağan edildiyini bildirir.
Prokurorluq Səxavət Məmmədovla bağlı məsələni isə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə izah edib.
Adıçəkilən şəxslərdən başqa, 2 sayt da cərimələnib.
Prokurorluğun bildirməsinə görə, “olke.az” və “manevr.az” saytları intiharı problemlərin həlli üsulu qismində təbliğ edib.
Buna görə də barələrində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə icraat başlanıb.
Yekunda Sumqayıt şəhər və Nərimanov Rayon Məhkəmələrinin qərarları ilə hər biri 1 500 manat cərimələnib.
İnternetdə intiharla bağlı qadağan edilən məlumat yayan Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova da xəbərdarlıq edilib: “Ona “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən, xəbərdarlıq olunub”.
Sonda Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərini fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.
Yayılan məlumatla bağlı saytlardan və adıçəkilən şəxslərdən münasibət öyrənmək mümkün olmayıb.
Jurnalist Səxavət Məmməd isə bir gün öncə Meydan TV-yə açıqlamasında “Yeni çağ” saytında dərc olunan “Orduda rüşvət mexanizmi və Sadıqovdan miras qalan korrupsiya zəncirinin yeni mərhələsi” başlıqlı məqaləsi ilə bağlı Baş Prokurorluğa dəvət edildiyini söyləyib.
Bildirib ki, orduda baş verənlər barədə yazdıqları uzunmüddətli araşdırmanın nəticəsidir.
Cəriməyə gəlincə, jurnalist qərardan apelyasiya şikayəti verməyi düşünür: “Elə bilirlər ordunu ləkələməklə məşğulam. Halbuki mən həmişə deyirəm, ordunu hərbi məmurlardan ayırıram. Belə fikrim olsaydı, bunu müharibə zamanı edərdim”.
Hüquqşünas Ələsgər Məmmədli jurnalistin prokurorluğa çağrılmasını, ardınca məhkəmədə cərimə olunmasını ifadə azadlığına qarşı təzyiq kimi qiymətləndirib.
O bildirib ki, “Media haqqında” yeni qanun layihəsini tərifləyənlər nəzərə alsınlar ki, 388-ci maddə qanun layihəsinin 15-ci maddəsinə jurnalistləri cəzalandırmaq üçün “bəh-bəhlə” yerləşdirilib.
Milli Məclisin deputatı Fazil Mustafa “Turan” İnformasiya Agentliyinə bildirib ki, əgər məsələ dövlət sirri və yaxud da buna oxşar informasiya ilə bağlıdırsa, jurnalistin məsuliyyətə cəlb edilməsi mümkündür, amma arzuolunan deyil:
“Jurnalistlərin araşdırmalarına görə cəzalandırılması doğru deyil. Amma bütövlükdə, əgər bir motiv varsa, onda ola bilər. Hər halda, prokurorluq bu məsələlərə obyektiv yanaşan qurum kimi, ola bilməz ki, əsassız şəkildə hansısa bir jurnalisti çağırsın və cərimələsin. Çünki həm də media ilə bağlı mövzudur, nə qədər həssas olduğunu hamımız bilirik. Görünür, ciddi əsaslar var ki, belə ediblər”.
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə qədər xeyli məsələlər daxildir.
Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.