İqtisadçı: “ 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin maaşından daha yüksəkdir”
Növbəti ilin yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır.
Bu barədə Prezident İlham Əliyev dekabrın 17-də sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu artımı son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamı kimi qiymətləndirib.
Məlumatı “Azərtac” yayıb.
“Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır”,- deyə nazirlik bildirib.
Nazirlik qeyd edib ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək:
“Digər tərəfdən, bu artım xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur”.
Ancaq iqtisadçı Rövşən Ağayev fərqli düşünür. O, bu artımı ədalətli sosial siyasətin təntənəsi kimi təqdim etməklə razılaşmır.
Bu barədə “Facebook” səhifəsində yazan Rövşən Ağayev hesab edir ki, əgər inflyasiyanın obyektiv ölçüsü olsa, istehlak səbətinin dəyəri obyektiv şəkildə indeksasiya edilsə, başqa bir mənzərənin şahidi olarıq:
“Hər kəs görər ki, məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir”.
Rövşən Ağayevin sözlərinə görə, 2022-ci ilin minimum istehlak səbətinin dəyəri cəmi 7% artırılır:
“Halbuki, dəyər etibarı ilə strukturunun ən azı 70%-ni qida məhsullarında formalaşan bu normativdə ağırlıq olaraq qida inflyasiyasının səviyyəsi nəzərə alınmalıydı. Hətta ictimai etimad qazanmayan rəsmi statistik mənbə belə qida qiymətlərinin bu ilin noyabrında ötən ilin eyni dövrünə nisbətən 15% yüksək olduğunu qeyd edir. Yəni vətəndaş keçən il noyabrda 100 manata aldığını qida səbətini indi 115 manata alır”.
İqtisadçı deyir ki, xidmətlər səbətində də kəskin bahalanma oldu. Təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 7 manat artır.
“Üçüncü vacib məqam, hazırkı istehlak səbəti yalnız mərkəzləşdirilmiş sistemlə istilik əldə edən ev təsərrüfatları üçün normativ müəyyən edib (hər 12 kv. metr üçün ayda 0.15 manat). Halbuki, ən yaxşı halda 10-15% insanın bu xidmətə çıxışı var. Əgər kimsə desə ki, minimum səbətdə bir nəfər üçün aylıq 21 kub qaz istehlakı var, o zaman yanılacaq. Çünki 4 nəfərlik ailə 84 kub qazla ən kiçik mənzili heç 10 gün qızdıra bilməz”, – ekspert vurğulayıb.
İqtisadçı hazırkı istehlak səbətinin strukturu və normativlərinin üçüncü dünya ölkələrinin standartlarına uyğun olduğu qənaətindədir:
“Azərbaycan artıq 15 ildir adambaşına milli gəlirin səviyyəsinə görə Dünya Bankının təsnifatında orta yuxarı gəlirli ölkələr qrupuna daxil olub”.