Rauf Mirqədirov: “Dövlətlərarası sənəddə maddələrin reallaşmasına onun kim tərəfindən imzalanmasının təsiri olmamalıdır”
Ermənistan mediası Baş nazir Nikol Paşinyanın Azərbaycanla dövlətlərarası sənədləri imzalamaq üçün yeni planının olduğu barədə yazıb. Ermənistanda dərc olunan “Joqovurd” qəzeti bildirib ki, Nikol Paşinyan Azərbaycanla hər hansı bir gələcək sənədin imzalanmasını Baş nazirin müavini Mqer Qriqoryana və ya müdafiə naziri Suren Papikyana tapşıracaq. Yazı müəllifinin fikrincə, Paşinyan bununla da gözlənilən təslimçi sənədlərin imzalamasından sonra öz nüfuzuna olacaq zərbələri minimallaşdırmaq istəyir.
Məlumdur ki, belə olan halda Azərbaycan adına da sənədləri prezident yox, dövlət başçısının bu iş üçün təyin edəcəyi rəsmi şəxs imzalayacaq.
İki dövlət arasında mühüm sənədlərin dövlət başçıları tərəfindən imzalanmamasının onların ciddiliyi nə dərəcədə təsir edəcəyini, sənədlərdə göstəriləcək məsələlərin reallaşmasının nə qədər mümkün olması barədə sualları cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, təxmin edib ki, bununla da Paşinyan məsuliyyəti başqası ilə bölüşmək istəyir. Meydan TV-yə danışan eks-nazir qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin əl atdığı taktiki üslublardır və belə oyunları hamı yaxşı başa düşür.
“Ermənistanın davranışı özü üçün çox təhlükəlidir”
“Tələb olunan məsələlərin həllindən bu şəkildə yayınmaq alınmayacaq. Həm də bu məsələdə siyasi məsuliyyət ortaya çıxır”, – Tofiq Zülfüqarov deyib.
Tofiq Zülfüqarov xatırladıb ki, Ermənistan tərəfindən hərbi əməliyyatların dayandırılması üçün xüsusi şəraitdə öhdəlik götürülüb və bu kapitulyasiyanın bir növü idi:
“İndiki mərhələdə bundan qaçmaq həmin kapitulyasiya aktından imtina etməkdir. Ona görə burada vasitəçinin və təminatçının da məsuliyyəti ortaya çıxır. Bu qisimdə də Rusiya çıxış edib”.
Sabiq XİN rəhbəri hesab edir ki, Ermənistanın davranışı özü üçün çox təhlükəlıdir, çünki bu məsələdə vasitəçi olan Prezident Vladimir Putinin məsuliyyəti də ortaya çıxır.
“Bilirik ki, Putinin siyasi davranışının əsas elementlərindən biri onun sözə əməl etməsi və tərəfdaşlarından da sözə əməl etməsini gözləməsidir”, – keçmiş nazir bildirib.
Bununla belə, Tofiq Zülfüqarov hesab edir ki, sənədə kimin imza atmasından asılı olmayaraq, məsələ götürülən öhdəliyin həyata keçirilib və ya keçirilməməsidir:
“Hiss olunur ki, Paşinyan öhdəliyin yerinə yetirilməsinə ictimaiyyətin imkan verməyəcəyini göstərmək istəyir. Ona görə manevrlər edir. Amma hamı bunun bir oyun olduğunu başa düşür”.
“Heydər Əliyev bir dəfə demədi ki, Rəsul Quliyev sənədi özbaşına imzalayıb”
İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov vurğulayıb ki, hökumətin hər hansı bir üzvü sənədi imzalayırsa, deməli, ilkin razılıq hökumət başçısından alınıb.
“1994-cü ildə Bişkek Protokolu imzalananda çoxlu etirazlar oldu, amma Heydər Əliyev bir dəfə demədi ki, Rəsul Quliyev sənədi özbaşına imzalayıb. Həm də bu tip sənədlərin imzalanmasından əvvəl razılaşma prosesi gedir, mətn razılaşdırılır. Yəni sənəd hökumətin adından imzalanır”, – Rauf Mirqədirov deyib.
Politoloq vurğulayıb ki, dövlətlərarası imzalanan hər hansı bir sənəddə göstərilən maddələrin reallaşmasına onun kim tərəfindən imzalanmasının əslində təsiri olmamalıdır.
“Sənədi imzalayan adam öz adından yox, hökumətin adından məsuliyyət götürür. Rəsmi səfərlər zamanı bəzən onlarla sənəd imzalanır. Sənədlərin bir hissəsini prezidentlər, digərlərini baş nazirlər və müvafiq sahə nazirləri imzalayır. Ancaq bu o demək deyil ki, rabitə nazirinin imzaladığı sənədə görə götürülən öhdəlik yerinə yetirilməyə bilər. Yaxud o öhdəliyin hüquqi gücü yoxdur. Bu, gülünc olardı”.
“Rəsmi Yerevan özündə güc tapıb, sənədləri imzalamalıdır”
Politoloq Tofiq Abbasov yerli media üçün məsələni şərh edərkən deyib ki, sənəd Azərbaycan və Ermənistanın birinci şəxsləri tərəfindən imzalanmasa belə, ümumi vəziyyətə təsir göstərməyəcək.
“Rəsmi Yerevan gərək post-münaqişə şəraiti ilə barışsın və özündə güc tapıb sənədləri imzalasın. Əgər sənədləri baş nazirlərin müavinləri və ya müdafiə nazirləri imzalasalar belə, bu o demək deyil ki, proses birinci şəxslərdən gizli keçib. Əksinə belə şeylərə məhz dövlət başçıları özləri sanksiya verirlər”, – Tofiq Abbasov deyib:
“Nikol Paşinyan və onun ətrafı anlamalıdır ki, hər şey beynəlxalq sənəd və hüquqi aktlar haqqında qaydalar çərçivəsində olmalıdır”.