Nikol Paşinyan: “Azərbaycan silahlı qüvvələri Ermənistanın şərq sərhədinin bir hissəsini tutublar”
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın şərq sərhədinin bir hissəsini tutublar.
“Dünəndən bu və digər formatlarda bir neçə görüş və müzakirəmiz olub. Müzakirələrin mövzusu Azərbaycan hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrində faktiki olaraq Ermənistan Respublikası ərazisinə girməsi idi. Bugünkü toplantının məqsədi müzakirələrimizi yekunlaşdırmaq, baş verən hadisələr haqda ictimaiyyəti tam bilgiləndirməkdir”, – noyabrın 15-də keçirilən iclasda Paşinyan bildirib.
Azadlıq Radiosu Nikol Paşinyanın iddia olunan hərbi irəliləmənin nə vaxt, harada, hansı şəraitdə baş verdiyini açıqlamadığını qeyd edib.
Baş nazir iclasda Arşak Karapetyanın müdafiə naziri postundan uzaqlaşdırıldığını, özünün müavini Suren Papikyanın onun yerinə təyin olunduğunu açıqlayıb.
Paşinyan bu qərarı son günlər baş verən hadisələrin nəticəsi kimi qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Nikol Paşinyanın ittihamlarını rədd edib.
Nazirlik son bir neçə gündə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə görə başlıca məsuliyyətin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.
Nazirliyin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür: “Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində cəmləşib”.
Noyabrın 13-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Noyabrın 14-də Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri qarşılıqlı şəkildə bir-birini ittiham edən açıqlamalar yayıblar.