Tofiq Yaqublu: “Bunlar təkcə hüquq yox, həm də mənəviyyat cinayətkarlarıdır”
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bir neçə ay öncə vəfat etmiş anasının məzarını ziyarət etmək üçün ölkədən çıxışına müvəqqəti icazə verilməsini istəsə də, məhkəmədən rədd cavabı alıb.
Noyabrın 15-də Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası onun şikayətini təmin etməyib.
Tofiq Yaqublu 2021-ci ilin iyulunda ölkədən çıxışına icazə verilməsi üçün məhkəməyə müraciət edəndə anasının vəziyyəti ağır idi. Siyasətçi son günlərində onu görə bilməsi üçün üzərindəki məhdudiyyətin müvəqqəti götürülməsini istəyirdi. Məhkəmə bu məsələyə baxıb qərar verənə qədər o, vəfat etdi. Belə olan halda, Tofiq Yaqublu heç olmasa, hüzr mərasimində iştirak etmək istəyirdi. Lakin Suraxanı Rayon Məhkəməsi ona “yox” cavabı verdi.
Tofiq Yaqublu həmin qərardan apelyasiya şikayəti vermişdi.
Siyasətçinin vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, Bakı Apelyasiya Məhkəməsində xeyli vaxt idi ki, bu məsələyə baxılırdı: “Hətta elə görüntü yaranmışdı ki, şikayət təmin olunacaq. Hakim Tofiq Yaqublunun anasının ölüm haqqında şəhadətnaməsini istəmişdi. O da məhkəməyə təqdim olundu. Amma sonda gəlib qərarı açıqladı ki, təmin edilmir”.
Vəkil əlavə edib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Əgər bu instansiyada da şikayət təmin olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq: “Çünki bu işdə pozuntuya yol verilib”.
Məhkəmələr Tofiq Yaqublunun anasının məzarını ziyarət etmək məqsədilə ölkədən çıxışına icazə verilməsi haqda müraciətini əsaslandırarkən qeyd edib ki, onun sonradan ölkəyə qayıtmamaq ehtimalı var.
Tofiq Yaqublu hesab edir ki, məhkəmə onunla bağlı bu qərarı siyasi sifarişlə verib:
“Anamın səhhəti kritik olanda məhkəməyə rəsmi müraciət etsəm də, İlham Əliyev son nəfəsində onun yanında olmağıma icazə vermədi. Sonra dəfndə iştirak üçün müraciət etdim, yenə icazə vermədilər. Daha sonra qırx mərasimində iştirakıma icazə vermədilər. Bu gün Bakı Apelyasiya Məhkəməsi onun tapşırığı ilə, heç olmasa anamın qəbrini ziyarət etmək üçün ölkədən çıxışıma icazə vermədi. Bunlar təkcə hüquq yox, həm də mənəviyyat cinayətkarlarıdır”.
Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi 2020-ci il sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu özünü təqsirli bilmir, kimsəyə xəsarət yetirmədiyini, sifarişlə həbs olunduğunu bildirir.