Rusiya Prezidenti Vladimir Putin iki gün ərzində həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Paralel olaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlaması Bakı ilə Moskva arasında növbəti söz atışmasına səbəb olub.
İyulun 27-də Putinlə danışan Paşinyan iki ölkə arasındakı münasibətləri və iqtisadi əməkdaşlıqda yaranan problemləri müzakirə edib.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan bildirib ki, Ermənistan mənşəli məhsulların Rusiya bazarına çıxışına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi Birliyinin qaydalarına ziddir. O, bu problemlərin aradan qaldırılması üçün addımlar atılmasını istəyib.
Telefon danışığında Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü də müzakirə olunub. Paşinyan deyib ki, bu məsələ ilə bağlı referendum yalnız Ermənistan Avropa İttifaqına rəsmi üzvlük üçün müraciət etdikdən sonra keçirilə bilər. O, hökumətinin bütün mübahisəli məsələləri tərəfdaşlıq və dialoq yolu ilə həll etməyə hazır olduğunu da vurğulayıb.
Bir gün sonra – iyulun 28-də Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Rəsmi məlumata görə, tərəflər Azərbaycan-Rusiya münasibətlərini və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər. Onlar iki ölkə arasında dialoqun davam etdiyini bildirib və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda Qarabağla bağlı açıqlama verib. O deyib ki, Ermənistan vaxtilə KTMT mexanizmlərinin işə salınmasını istəsə də, Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanıdığı üçün təşkilatın bu münaqişəyə müdaxilə etməsi mümkün olmayıb.
Bu açıqlamaya Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə cavab verib.
Hacızadə bildirib ki, Zaxarovanın dedikləri reallığı əks etdirmir. Onun sözlərinə görə, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Buna görə də KTMT məsələsini Ermənistanın Qarabağı tanıyıb-tanımaması ilə əlaqələndirmək Rusiyanın öz rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və əsassızdır.
XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa edib, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi isə bununla başa çatıb. O bildirib ki, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqələndirilməsi praktikasına son qoyulmalıdır.