Sabir Rüstəmxanlı: Təklif edirəm ki, Saleh Rüstəmli aclığı dayandırsın

Foto: Meydan.tv

VHP sədri: “Kimin kiməsə pul göndərməsi əsasında adamı həbs etməzlər”

“Aclıq aksiyası insanların arzulamadığı addımdır. Aclıq etmək çıxış yolu deyil və hüquq məsələsi aclıqla çözülmür. Yaxşı olar ki, Saleh Rüstəmli işin hüquqi çərçivədə həllinə çalışsın. Əfvlə bağlı müraciət etsə, mən müvafiq komissiyanın üzvü kimi məsələni qaldıra bilərəm. Düzdür, əfv hələ gündəmdə deyil, amma amnistiya ilə azadlığa çıxa bilməyənlərin əfvlə azadlığa çıxmaq hüquqları var”.

Fazil Mustafa: “Yaxşı olardı ki, Saleh Rüstəmli amnistiya ilə azadlığa çıxaydı”

Bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa AXCP üzvü, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsxanada keçirdiyi aclıq aksiyasını Meydan TV-yə şərh edərkən deyib.

Oğlu Sezgin Rüstəmov Meydan TV-yə bildirib ki, Saleh Rüstəmli aclıq aksiyasına başladıqdan sonra – noyabrın 9-da cərimə kamerasına (kars) salınıb.

Onun 10 gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir: “Aclığa başlayandan sonra saxlandığı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən Saleh Rüstəmli orada cəza kamerasına (kars) salınıb”.

Fazil Mustafa deyir ki, çox güman, Saleh Rüstəmlinin ittiham olunduğu maddələr amnistiyaya uyğun gəlməyib:

Foto: Meydan TV

“Yaxşı olardı ki, Saleh Rüstəmli amnistiya ilə azadlığa çıxaydı. Ancaq bilmirəm, bəlkə də, Saleh Rüstəmlinin ittiham olunduğu maddələr amnistiyaya uyğun gəlmədiyinə görə belə olub. Amnistiya ümumi xarakterli olur, sənədə hansı maddələr salınırsa, fərq qoyulmadan məhbuslar azadlığa çıxır. İndi elə təqdim edirlər ki, sanki uyğun gəlib, amma buraxmayıblar. Əfvlə bağlı müraciəti olarsa, gündəmə gətirib bu istiqamətdə addım atıla bilər”.

Sabir Rüstəmxanlı: “O, əlinə silah alıb işğalçılara qarşı döyüşüb, gərək mübarizəsi qiymətləndiriləydi”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Saleh Rüstəmlini yaxından tanıdığını deyib.

O bildirib ki, Saleh Rüstəmlinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda fəaliyyəti dəyərləndirilməli idi:

“Saleh Rüstəmli Başkəndin azad olunmasında önəmli rolu olan şəxsdir. O, icra başçısı kimi əlinə silah alıb işğalçılara qarşı döyüşüb. Nəzərə alsaq ki, sonuncu amnistiya Zəfər Günüylə bağlıydı, gərək onun mübarizəsi qiymətləndiriləydi. Amma həbs məsələsi konkret ittihamlara söykəndiyindən əvvəlki xidmətlər nəzərə alınmır. Mənə elə gəlir ki, şəxsi münasibətlərə görə kimin kiməsə pul göndərməsi əsasında adamı həbs etməzlər. Ola bilsin rəğbəti var, bir yol keçiblər, ona görə dəstək olub. Burada həm də pulun miqdarına baxmaq lazımdır. Əgər şəxsi ehtiyacları üçün pul göndəribsə, buna görə adamı həbs etməzlər. Yox, Azərbaycanda daxili çaxnaşmaya xidmət edəcək miqdarda pul göndəribsə, bu başqa. Yəni, bəlkə, dostudur, buna görə həbs yox, xəbərdarlıq etmək olardı”.

Foto: Meydan TV

Sabir Rüstəmxanlı deyir ki, aclıq aksiyasının təsir mexanizmi yoxdur: “Ona görə də təklif edirəm ki, Saleh Rüstəmli aclığı dayandırsın”.

Arzu Abdullayeva: “Penitensiar Xidmətdə vəziyyət bərbad olduğundan çoxlu işlər aparılmalıdır”

Hüquq müdafiəçisi Arzu Abdullayeva İnsan Haqlarının Müdafiəsi üzrə Monitorinq Qrupunun Saleh Rüstəmlinin durumunu diqqətdə saxladığını deyib:

“Ancaq mən öz adımdan söyləyə bilərəm ki, Penitensiar Xidmətdə vəziyyət bərbad olduğundan çoxlu işlər aparılmalıdır. Əlbəttə, 20 il əvvəllə müqayisədə indiki durum daha yaxşıdır. Amma 2014-cü ildə vətəndaş cəmiyyətini həbsxanaları müntəzəm monitorinq prosesindən kənarlaşdırandan sonra vəziyyət pisləşdi və bizim tövsiyələrimizi nəzərə almadılar. Ümid yeri odur ki, Prezident Administrasiyasında bəzi islahatlar nəticəsində fəaliyyətimizə maneçilik yaradan insanlar uzaqlaşdırıldı. Amma problem yenə çoxdur. O cümlədən, güc strukturlarının rəhbərliyində dəyişiklik olmalıdır. Əks təqdirdə, Saleh Rüstəmli kimi insanlar qanunsuz həbs ediləcəklər”.

Arzu Abdullayeva
Foto: Amerikanın səsi

Əli Kərimli: “Gerçək vətənpərvər öz qorxaqlığını, biganəliyini bayrağa bürünməklə ört-basdır etməz”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, Saleh Rüstəmli Azərbaycana 46 kvadrat kilometr ərazi qazandırıb:

“Başkənd qələbəsinin həmmüəlliflərindən olan, savaş zamanı cəsur komandir, ədalətli rəhbər olmuş Saleh Rüstəmlinin məhbəsdə çürüdülməsinə mütləq etiraz edilməlidir. Gerçək vətənpərvərlər heç bir cinayət törətməmiş soydaşlarının qisasçılıq zəminində məhv edilməsinə səssiz qalmamalıdırlar. Gerçək vətənpərvər Vətənin təkcə daşını, torpağını yox, həm də vətəndaşını sevər. Gerçək vətənpərvər öz qorxaqlığını, biganəliyini bayrağa bürünməklə ört-basdır etməz”.

Əli Kərimli
Foto: Meydan TV

Onun sözlərinə görə, Saleh Rüstəmli heç bir cinayət törətmədiyi halda 4 ildir ki, məhbəsdədir: “O, 10 gündür ki, aclıq edir. Vəziyyəti xeyli ağırlaşıb. Azad edilməyəcəyi halda, sudan da imtina edib, quru aclığa başlayacağını bəyan edib. Biz buna qarşı olsaq da, başqa heç bir çarə görməyən Saleh bəy quru aclığa başlayarsa, bu, faktiki tədrici intihar demək olacaq. Ona görə də susmayın! Saleh bəyə və siyasi məhbuslara hamımız birlikdə, yorulmadan, usanmadan azadlıq tələb edək!”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsindən Meydan TV-nin Saleh Rüstəmlinin vəziyyəti ilə bağlı sualını cavablandırmayıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, məzuniyyətdə olduğu üçün konkret fikir bildirə bilməyəcək: “Yaxın bir həftədə işə qayıdacağam. Onda Saleh Rüstəmli barədə sualınıza cavab verərəm”.

Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildən ailəsilə birlikdə Rusiyada yaşayır.
2018-ci ilin mayında Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb.

Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib, lakin adıçəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd ediblər.

Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətSabir Rüstəmxanlı: Təklif edirəm ki, Saleh Rüstəmli aclığı dayandırsın