Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə xəritələr mane olur?

Yazar: Emil Məmmədli

Foto: Meydan.TV

Ermənistan sərhədlərin 20-30-cu illərdə, Azərbaycan isə SSRİ dövründə olan xəritələr əsasında müəyyənləşməsini istəyir

Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanla Azərbaycan arasında olan dövlət sərhədinin delimitasiya və demarkasiyası gündəlikdə olan əsas məsələlərdən biridir. Azərbaycan rəsmiləri sərhədlərin SSRİ-nin dağılması anına qədər Ermənistan SSR və Azərbaycan SSR arasında olan administrativ sərhədlər əsasında müəyyənləşdirilməsinin tərəfdarıdır. Görünür ki, bu məsələdə vasitəçilik edən Rusiya da eyni prinsipi üstün tutur və SSRİ Baş Qərargahının xəritələrini təklif edir.

İlk zamanlar Ermənistan tərəf bunun əleyhinə olmasa da, zaman keçdikcə bu məsələdə fikir ayrılıqları yaranıb. Əvvəl müxtəlif siyasətçilər, sonradan isə Baş nazir Nikol Paşinyan sərhədlərin 20-30-cu illərdə olan xəritələr əsasında müəyyənləşdiməyin lazımlığını bildiriblər.

Bu, faktiki olaraq indiyədək verilən bəyanatların əksidir. Belə ki, hələ 2021-ci ilin oktyabr ayında Nikol Paşinyan SSRİ Baş Qərargahının xəritələrinin ermənilərdə olan xəritələrlə üst-üstə düşdüyünü deyirdisə, noyabrın 7-də tam fərqli fikir irəli sürüb, 20-30-cu illərin xəritələrini əsas gətirib.

Ermənistan mətbuatında tez-tez rast gəlinən tezislərdən biri də odur ki, Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş ADR-in varisi elan edib, buna görə də SSRİ dağılan ana olan sərhədlərə iddia edə bilməz.

Ermənistan tərəfinin bu bəyanatları fonunda Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün baş tutmaması da təsadüfi görünmür. Belə ki, Rusiya tərəfi belə bir görüşün anonsunu versə də, sonradan Putinin sözçüsü Dmitri Peskov görüşün nəzərdə tutulmadığını elan etdi.

“Bu, Ermənistanın xırda spekulyasiyasıdır”

Ermənistanın hansı səbəbdən 20-30-cu illərin xəritələri məsələsini gündəmə gətirməsini Meydan TV-ə şərh edən “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev bunu növbəti spekulyasiya adlandırıb:

“Həmin illərdə ermənilərin özləri də xəritə hazırlamışdılar və bunu əsas götürmək istəsələr də, baş tutmadı. Artıq SSRİ olduğundan o zaman qəbul olunan və rəsmi sayılan xəritələr Moskvada təsdiq olunanlardır. Bununla da Ermənistanın özünün hazırladığı xəritələr qəbul olunmadı. Sadəcə, öz respublikalarında belə xəritələr nəşr etmişdilər. İndi onlardan istifadə edərək, sərhədin fərqli yerlərdən keçdiyini demək istəyirlər. Bu, Ermənistanın xırda spekulyasiyasıdır və heç bir əsası yoxdur”.

Bundan başqa, Şahin Hacıyev SSRİ-nin dağılması anına olan xəritələri kənara qoyub, 20-30-cu illərdə olan xəritələrə istinad etməyi tamamilə əsassız sayır.

Şahin Hacıyev
Foto: Turan.az

“Birincisi SSRİ-nin əvvəlində olan xəritələrdən söhbət getmir, söhbət erməni tərəfinin hazırladığı versiyalardan gedir. Yəni həmin zaman Azərbaycan da öz xəritələrini hazırlamışdı, öz versiyasını irəli sürmüşdü. Lakin ölkə səviyyəsində qəbul olunub təsdiqlənən xəritələr rəsmi sayılır. Hazırda “SSRİ-nin əvvəlində bir cür, sonunca başqa cür olub” kimi söhbət getmir”.

“Ən çox ərazi 1920-ci illərin əvvəllərindən 1929-cu ilə qədər verildi”

Tarixçi İlqar Niftəliyev məsələyə münasibət bildirərək, qeyd edib ki, ötən əsrin 20-ci illərində Azərbaycandan Ermənistana kifayət qədər torpaqlar verilib.

O, konkret olaraq Qazax qəzasından Ermənistanın Dilican qəzasına, Naxçıvan Muxtar Respublikasından Ermənistana 10 kənd verildiyini qeyd edib:

“O cümlədən, Kürdüstan və Cəbrayıl qəzalarından bəzi ərazilər verildi. Zəngəzur bölünəndən sonra onun şərqində 1923-cü ildə Kürdüstan qəzası yaradılıb, mərkəzi Laçın, Pinkənd şəhərləri olub. Qubadlı və Zəngilan da bu qəzanın tərkibindəydi. 1929-cu ildə qəza ləğv edildi. Kürdüstan qəzası indiki Şərqi Zəngəzurun ərazisi sayıla bilər. Beləliklə, həmin torpaqların hesabına Emənistanın ərazisi kifayət qədər böyümüşdü”.

Onun sözlərinə görə, əgər Daşnak Ermənistanın ərazisi təxminən 10 min kvadrat kilometr idisə, Sovet Ermənistanın ərazisi ötən əsrin 20-ci illərində 30 min kvadrat kilometrə çatmışdı.

“Ona görə də Ermənistana həmin dövrün xəritələri daha çox sərf edir. Ən çox ərazi 1920-ci illərin əvvəllərindən 1929-cu ilə qədər verildi”, – tarixçi deyib.

Foto: İlqar Niftəliyevin şəxsi arxivindən

Bununla belə, İlqar Niftəliyev hesab edir ki, bəzi hallarda 20-30-cu illər xəritələrinə əsaslanmaq bizim xeyrimizədir və bu, xüsusilə Naxçıvana bağlı olan torpaqlara aid ola bilər:

“Çünki Qazaxdan, Naxçıvandan və Şərqi Zəngəzurdan torpaqların getməsini qaldıra bilərik. Amma məsələ ondadır ki, 1991-ci ildə müstəqilliyimiz elan olunanda BMT tərəfindən SSRİ-nin sonuna olan sərhədlərimiz tanınıb. Ona görə 20-ci illərin əsasında məsələni qaldıranda, xəritələrin nə dərəcədə düzgün və dəqiq olduğunu düşünmək lazımdır”.

Tarixçi vurğulayıb ki, bəzi hallarda ərazilər respublikalar arasında bölünürdü, amma onlar xəritələrə köçürülmürdü.

Onun fikrincə, bu mənada həmin dövrün statistik məlumatlarında çoxlu ziddiyyət var:

“Sənədin birində ərazi bir cür, başqa birində başqa cür göstərilir. Məsələn, Naxçıvanın adını çəkə bilərəm. 20-ci illər idi, hələ SSRİ yeni yaranırdı, düzgün və dəqiq ölçülər aparmaq üçün savadlı kadrlar yox idi. Ən dəqiq xəritələr isə həmişə hərbçilərdə olur. Söhbət SSRİ Hərbi Komissarlığının Baş Qərargahından gedir”.

İlqar Niftəliyev deyib ki, Qars və Moskva müqavilələrinin əlavələrində Naxçıvanın Ermənistanla sərhədləri dəqiq verilib. Onun sözlərinə görə, xəritələri görməsək də, müqavilələrin əlavələrində hansı dağda, hansı keçiddə sərhədin bitdiyi göstərilib.

“Bu mənada məsələni həmin müqavilələrin əlavələri əsasında qaldıra bilərik. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həmin torpaqlar Ermənistanda qalıb. Halbuki, Qars və Moskva müqavilələri beynəlxalq sənəddir. Ona görə biz hər iki müqaviləni qaldırıb torpaqlarımızı tələb edə bilərik”, – tarixçi deyib.

“Gez-tez Əliyev-Paşinyan görüşü olacaq”

İlham Əliyev və Nikol Paşinyanın görüşünün baş tutmamasına Ermənistanın xəritələrlə bağlı yeni mövqeyinin səbəb olması ehtimal edilir.

Şahin Hacıyev isə düşünür ki, gec-tez belə bir görüş olacaq:

“Ermənistan çalışır ki, öz xeyrinə olan şərtlərlə görüş keçirilsin. Əslində, bu, Ermənistanın xeyrinə yox, zərərinədir. Ona görə maksimum görüşün vaxtını uzadacaqlar ki, şərtlərini təlqin etsinlər. Hər halda imtina olmayacaq”.

İlqar Niftəliyev isə səbəbi daha çox Ermənistanın daxilində Paşinyana olan təzyiqlərlə bağlayır:

“Baş nazir Nikol Paşinyana təzyiqlər çox olduğundan o məsələlərin müzakirəsini uzadır, yaxud qətiyyətsizlik göstərir və ya bunları əsirlərlə əlaqaləndirir. Nikol Paşinyan MDB dövlət başçılarının toplantısında da bildirmişdi ki, əsirlər qaytarılmalıdır. Görünür, Paşinyan bu məsələləri əsas gətirdiyindən delimitasiya və demarkasiya barədə danışıqlar uzanır”.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan rəhbərlərinin görüşünə xəritələr mane olur?