Builki festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq
Sentyabrın 10-dan 18-dək XVI Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.
İki illik fasilədən sonra reallaşan Bakı Caz Festivalı 44 günlük müharibədə şəhid olanların xatirəsinə həsr olunacaq.
Festival mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə reallaşacaq.
Konsertlər “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, 18 sentyabrda qala konsert isə “Shahdag Night Club”da keçiriləcək.
Builki festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcək.
Tədbir çərçivəsində gənc istedadlar üçün müsabiqə təşkil olunacaq.
Sentyabrın 10-da azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın caz mövzusunda moda nümayişi təşkil olunacaq.
11 və 12 sentyabr tarixlərində “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi keçiriləcək.
Həmçinin ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.
Bakı Caz Festivalı ən son 2019-cu il oktyabrın 18–27-dək “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.
Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə
reallaşır.