Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.

Source: Specify Source


35 yaşınadək rejissorlar filmlərini müsabiqəyə təqdim edə bilərlər

Noyabrın 12-dən 16-dək Bakıda ənənəvi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

On ikinci dəfədir reallaşan kinoforuma filmlərin qəbulu avqustun 25-dək davam edəcək.

Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.

Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 manatdır. Nümayişə göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək.

Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

Bakı BQFF Azərbaycanda kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.

2004-cü ildə təsis edilən “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Ana səhifəMədəniyyətBakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək