Film Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir
Rejissor Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı filmi festivalda nümayiş olunacaq.
Rejissorun Meydan TV-yə verdiyi məlumata görə, MDB ölkələrinin “Moskva premyerası” Beynəlxalq Kino Festivalı oktyabrda keçiriləcək.
“Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir.
O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır.
Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş çəkilib.
“Quxuroba” “European Short Pitch”, “Image Production”, “Mastering, Distribution” mükafatlarının qalibi olub.
Bundan başqa, film dünyanın ən nüfuzlu festivallarından olan Sarayevo Film Festivalında iştirak edib.
“Quxuroba” həmçinin mayın 26-dan iyunun 2-dək Batumidə keçirilən “Dostluq” MDB Beynəlxalq Gənc Kinematoqrafçılar Məktəbinin müsabiqəsində kino tənqidçilərinin əsas mükafatına layiq görülüb.
Müsabiqədə 14 ölkədən 35-ə yaxın film nümayiş olunub.