Afaq Bəşirqızı: Musiqili Teatrın “cibi boş” deyil

“Pandemiya müddətində iki seriala çəkildim, xırda layihələr oldu. Amma bununla belə, gözüm teatrın qapısında, fikrim teatrın səhnəsində qaldı”.

Source: Specify Source


"Teatrların fəaliyyəti bərpa olunduqdan sonra yeni əsərlər səhnələşdirilməlidir"

"Teatrlar açılandan sonra məsuliyyət daha da artacaq. Bu iş sistemli şəkildə aparılmalıdır".

Xalq artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı Meydan TV-yə belə deyib.

O düşünür ki, teatrların fəaliyyəti bərpa olunduqdan sonra yeni əsərlər səhnələşdirilməlidir.

Aktrisa teatrlara yenidən tamaşaçı cəlb etməyin yolunu yeni tamaşalarda görür: "Konsepsiyanın hazırlanması yaradıcı heyət və teatr rəhbərinin üzərinə düşür. Burada əsas repertuardır. Dramaturqlar cəlb olunmalıdır. Yeni əsərlər səhnələşdirilməlidir. Tamaşaçını yenidən teatra qaytarmaq, onun arxayınlığını təmin etmək – bütün bunlar hamısı çox məsuliyyətli bir işdir. Musiqili Teatrın “cibi boş” deyil. Teatrın bir çox maraqlı tamaşaları var. Söhbət məhz maraqlı tamaşalardan gedir. Elə buna görədir ki, teatrımız tamaşaçı sarıdan heç vaxt korluq çəkməyib. Mənə elə gəlir ki, hər şey yaxşı olmalıdır. Teatrların yenidən fəaliyyətə başlaması aktyorlar üçün böyük bir bayramdır”.

Mədəniyyət naziri Anar Kərimov teatrların fəaliyyətinə qoyulan məhdudiyyətin yaxın zamanda aradan qalxma ehtimalının olduğunu

deyib

.

“Ümid edirik ki, teatrların açılması ilə bağlı xoş xəbərlərimiz olacaq. Müsbət tendensiya hiss edirik, hazırlaşırıq və ümidlə teatrların açılmasını gözləyirik. Amma bu, birbaşa bizim deyil, Operativ Qərargahın qərarlarına bağlı məsələdir”, – nazir bildirib.

Teatrşünasların fikrincə, teatrların uzun müddət fəaliyyətsiz qalmağı nəinki aktyorlar, hətta tamaşaçılar üçün də yaradıcı atmosverin itməsinə səbəb olacaq. Pandemiyadan sonra tamaşaçını teatra qaytarmaq çətin olacaq.

Əməkdar artist, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrsası Sənubər İsgəndərli isə deyir ki, teatr və tamaşalar üçün darıxanları pandemiya saxlamayacaq. Onlar yenə də tamaşalara baxmağa gələcək: “Teatrların açılmağını böyük səbrsizliklə gözləyirik. Sənət adamı üçün səhnəsiz qalmaq çətindir. Biz də idmançılar kimi daim formada olmalıyıq. Həmişə səhnədə, məşqlərdə olmalıyıq ki, işimizi yadırğamayaq. Bu yaxınlarda həmkarlarımdan biri ilə telefonda danışırdıq. Soruşdu ki, filan tamaşanın sözləri yadındadır? Dedim ki, bax, indi yadıma sala bilmərəm. Amma səhnəyə ayağımı basan kimi yadıma düşəcək. Teatr səhnəsi o qədər cazibəli, möhtəşəm məkandır ki, hətta qırx dərəcə qızdırma ilə oynamışıq. Qızdırmamız həmin anda keçirdi, xəstəlik yaddan çıxırdı. Teatrlar nə qədər tez açılsa, biz də işə tez girişərik. Darıxdığımız üçün də əlbir olub, işimizi tez yoluna qoya bilərik”.

218908_1vhjri9i8a.jpg
Sənubər İsgəndərli

“Pandemiya müddətində iki seriala çəkildim, xırda layihələr oldu. Amma bununla belə, gözüm teatrın qapısında, fikrim teatrın səhnəsində qaldı. Teatrsız bunların mənim üçün önəmi, marağı olmadı. Teatr aktyoru nə qədər filmə, seriala çəkilsə də teatrı onun əlindən alanda, gözünə heç nə görünmür. Tək mən yox, bütün teatr aktyorları belə düşünür”, – aktrisa belə deyir.

Sənubər İsgəndərli hesab edir ki, teatrın daimi tamaşaçıları var: "Mənə yazırlar, zəng edirlər ki, tamaşalar üçün çox darıxmışıq. İnanıram ki, teatra gələn olacaq. İlk vaxtlar yoluxmadan çəkinənlər ola bilər. Bunun da çıxış yolu var. Türkiyə, Rusiya teatrlarında tamaşaçıları məsafə saxlayaraq əyləşdirirlər. Hər halda, buna zaman, vaxt lazımdır. Hamısı yoluna düşəcək”.

Azərbaycanda bir ildən çoxdur teatrların fəaliyyəti dayandırılıb.

Pandemiya dövründə bəzi teatrlar tamaşalarını onlayn platformalar vasitəsilə nümayiş etdirir.

Ana səhifəMədəniyyətAfaq Bəşirqızı: Musiqili Teatrın “cibi boş” deyil