"Azərbaycanlı müğənnilərin 50 faizi gedib Moskvada işləyir"
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının pozulması ilə bağlı məlumat yayıb.
Bildirilir ki, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozulması halları aşkarlanıb.
Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb.
Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.
Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır.
Bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.
DİN: "Mustafa Cecelinin Bakıda konsert verdiyi restoranın sahibi cərimələnib"
Bir müddət öncə türkiyəli müğənni Sərdar Ortaç, ardınca isə həmkarı Mustafa Cecelinin paytaxt restoranlarının birində şou proqramla çıxış olub.
“İstanbul Meyhane Bilgah” restoranından Meydan TV-yə verilən məlumata görə, iyunun 5-də Mustafa Ceceli restoranlar şəbəkəsinin yeni filialının açılışında çıxış edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, restoran sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə cəzalandırılıb.
Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulduğuna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb.
Obyektin sahibi və konsertin təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və həmin şəxs rayon məhkəməsinin qərarı ilə 4 min manat məbləğində cərimələnib. Həmçinin ona gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.
Məsələyə azərbaycanlı sənət adamları münasibət bildirib.
Nura Suri: "Bizim Rusiyadan fərqimiz nədir?"
Müğənni Nura Suri açıq havada təşkil olunan konsert və tədbirlərin məhdudiyyətlə olmasını, qadağaların tətbiq edilməsini doğru saymır: “Camaatın çox hissəsi artıq virusa yoluxub. Peyvənd olunanlarla bağlı da məlumatları var. İnsanlar vaksin olundular, bəs karantin niyə bitmir? Rusiyada 150 milyondan çox insan yaşayır. Bizim isə 9-10 milyon əhalimiz var. Orada artıq maska taxılmır. Biz hələ də pandemiyadan çıxa bilmirik? Əgər tədbirlərin keçirilməsinə icazə verilməyəcəksə, niyə peyvənd edirlər? Musiqiçilər, restoran sahibləri, ofisiantlar nə ilə dolanmalıdır? Açıqlama versinlər ki, bu qədər insan nə ilə dolanacaq? Burada söhbət tək müğənnilərdən getmir. Musiqiçiləri düşünən yoxdur. Yay vaxtı açıq havada maska taxmaq ləğv olunub. Əgər açıq havada maska ləğv olunubsa, deməli, insanlar gedib, restoranda əlamətdar günlərini qeyd edə bilərlər. Artıq Rusiyada heç kim maska taxmır, hər yer işləyir, hər yer açıqdır. Orada karantin haqqında söhbətlər aylar öncə bitib. Azərbaycanlı müğənnilərin 50 faizi gedib Moskvada işləyir. Bizim Rusiyadan, Moskvadan fərqimiz nədir? Bir adam başa salsın, biz də işimizi bilək”.
Ədalət Şükürov: "Görün, nə qədər ailə çörəksiz qalıb, vəziyyət çox pisdir"
Əməkdar artist Ədalət Şükürov sənət adamlarının pis vəziyyətdə olduğunu deyir:
“İncəsənət demək olar ki, məhv olub. Hamı yaxşı bilir ki, qazanc toylardan idi. Hər müğənnini müşayiət edən musiqiçilər və onların ailələri var. Görün, nə qədər ailə çörəksiz qalıb, vəziyyət çox pisdir. Mən artıq iki aydır Moskvadayam. Burada hər yer işləyir, vəziyyət normaldır. Toy məclisi iki yüz nəfərə kimi təşkil olunur. Açıq havada isə problem deyil, toy etmək olar. Bunu uzatmağın mənası nədir, bilmirəm, amma incəsənət, elə həmçinin idman sahəsi də çox bərbad vəziyyətdədir. Biz bunun nəticəsini bir neçə ildən sonra görəcəyik. Ona görə də, təcili, toylar, məclislərin keçirilməsi ilə bağlı qadağa aradan qaldırılmalıdır. Burada söhbət müğənnilərdən getmir. Müğənnilərin ümumi sayı iki-üç yüz nəfərdir. Respublikada əhalinin altmış faizi toydan, məclisdən dolanır”.
Azərbaycanda yoluxmanın azalması, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il mayın 31-dən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb. Yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq.