Azərbaycan Talışların İctimai Şurasının “Xarıbülbül” festivalı ilə bağlı iradları var

“Tarixdən məlum olduğu kimi 1812-1813-cü illərdə Rusiya İmperiyası və İran şahlığı arasında gedən müharibə nəticəsində talış xalqı ikiyə bölünüb”

Source: Specify Source


Şura bəyanat yayıb

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) 12 -13 may 2021-ci il tarixlərdə Şuşa şəhərində keçirilən “Xarıbülbül” müsiqi festivalı ilə bağlı bəyanat yayıb. Festivalın keçirilməsini alqışlayan bəyanat müəllifləri talış xalqının xalq folklor kollektivlərinin də orada iştirakına diqqət çəkib.

ATİŞ festivalla bağlı iradlarını çatdırıb:

“ATİŞ Lənkəran rayonu Separadi kəndinin “Nənələr” və Masallı rayonu Mahmudavar kəndinin ”Halay” talış xalq folklor kollektivlərinin adlarını ümumiləşdirərək, heç kimin tanımadığı, “Veteranlar” folklor kollektivi kimi, eləcə də həmin kollektivlərin müəllif mətni əsasında birgə kompozisiya şəklində ifa etdikləri mahnını təhrif edərək, “Talış xalq folklor motivləri” adı altında təqdim etməyi sadəcə olaraq saxtakarlıq, saf niyyətdən uzaq, son nəticədə isə assimlasiyaya xidmət edə biləcək bir planın tərkib hissəsi hesab edir və bu sayaq yanaşmaların yolverilməz olduğunu bir daha bəyan edir!”

“Tarixdən məlum olduğu kimi 1812-1813-cü illərdə Rusiya İmperiyası və İran şahlığı arasında gedən müharibə nəticəsində talış xalqı ikiyə bölünüb və o cümlədən, onun kədər, nisgil, ayrılıq simvolu sayılan Astara şəhəri də iki hissəyə ayrılıb. Necə ola bilər ki, “Xarıbülbül” festivalında talış xalq motivləri əsasında Astaraçay deyil, Araz çayının ikiyə bölünməsi talış folklor kollektivi tərəfindən məhz talış dilində deyil, Azərbaycan dilində tamaşaçılara təqdim edilir”, – deyə bəyanatda deyilir.

Sənəddə daha sonra deyilir ki, talış xalqı yaşadığı regionun aborigen sakini kimi uzun yüzilliklər ərzində tarixən təkcə öz folklor nümunələrini deyil, həm də xalq musiqisini də inkişaf etdirib:

“Bu gün öz ana dilində xalq mahnılarını ifa edən neçə-neçə talış müğənniləri təkcə Azərbaycanda deyil, ölkəmizdən çox-çox uzaqlarda tanınır, dinlənir və alqışlanır. Lakin təccüblü burasındadır ki, talış xalq musiqi nümunələri heç bir dövlət tədbirlərində təbliğ və təqdim edilmir. Halbuki, “Xarıbülbül” festivalında digər xalqların xalq müsiqisindən nümunələr festival iştirakçılarının diqqətinə çatdırıldı”.

“ATİŞ qeyd edilən neqativ hərəkətləri talış xalqına qarşı yönələn assimilyasiya, diskriminasiya halları, o cümlədən son illərdə uydurulan cürbəcür məkrli planların tərkib hissəsi hesab edir və hakimiyyət orqanlarından bu cür saxtakarlıqlara son qoyulmasını tələb edir“, – bəyanatda vurğulanır.

Ana səhifəMədəniyyətAzərbaycan Talışların İctimai Şurasının “Xarıbülbül” festivalı ilə bağlı iradları var