Bəsti Cəfərova “Yeni Klinika”ya yerləşdirilib
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının Meydan TV-yə verdiyi məlumata görə, aktrisa bu gün “Yeni Klinika”ya yerləşdirilib.
“Müalicəsinə başlanılıb. Həkimlər çalışır ki, hərarətini aşağı salsınlar. Bu gün kompüter tomoqrafiya (KT) müayinəsi olunacaq. Boğulma, öskürək və yaxud quru öskürək kimi hallar yoxdur. İnanırıq ki, aktrisamızın səhhəti qarşıdakı günlərdə yaxşı olacaq”, – o bildirib.
Bəsti Cəfərova 1980-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrla yanaşı, bir sıra televiziya tamaşalarında və filmlərdə rol alıb.
1989-cu ildə əməkdar, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Prezident təqaüdçüsüdür.