“Hazırda 5 dövlət teatrının stasionar binası yoxdur”
ADO Teatrının kollektivi (Azərbaycan Dağınıq Oda) martın 17-də icarəyə götürdüyü məkandan çıxmaq məcburiyyətində qalıb.
Teatrdan Meydan TV-yə verilən məlumata görə, ofisin aylıq haqqını ödəyə bilməyən kollektiv məkanı boşaltmaq məcburiyyətində qalıb.
Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov televiziya vasitəsilə Prezident Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə, Milli Məcilisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyinə müraciət etsə də, cavabsız qalıb.
Yarandığı gündən tamaşalarını oynamaq üçün yer uğrunda mübarizə aparan ADO icarəyə götürdüyü sonuncu məkanı da tərk etmək məcburiyyətində qalmaqla yanaşı, doqquz illik fəaliyyəti dövründə toplanan rekvizitləri yerləşdirməyə yer tapmır.
ADO teatrı 2013-cü il iyulun 15-də aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır. Bir ildən çoxdur ki, Azərbaycanda pandemiya ilə əlaqədar teatrların fəaliyyətinə icazə verilmir.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi Meydan TV-nin sorğusunu cavablandırıb.
Qeyd olunur ki, ADO Mədəniyyət Nazirliyinə tabe müəssisə olmadığı üçün nazirliyin teatrı bina ilə təmin etməsi qanunvericilikdə nəzərdə tutulmayıb:
“Sözsüz ki, Mədəniyyət Nazirliyi mümkün qədər özəl teatrlara dəstək göstərməyə çalışır. Pandemiyadan əvvəl binası olmayan özəl teatrların hər birinə ayda bir dəfə dövlət teatrının səhnəsində ödənişsiz tamaşa nümayiş etdirmək imkanı yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, pandemiya ilə əlaqədar dövlət teatrları ilə yanaşı, özəl teatrların da fəaliyyəti müvəqqəti dayandırılıb.
Nazirlik dövrün çağırışlarına cavab verən yüksək bədii-təşkilati səviyyəli özəl teatrların fəaliyyətində maraqlıdır və bir sıra məsələlərdə müstəqil teatrlara dəstək göstərməyə çalışır, lakin bu, hər dəfə mümkün olmur. Çünki ilk növbədə nazirliyin tabeliyində olan dövlət teatrlarının maddi-texniki, inzibati problemlərinin həllinə çalışırıq. Hazırda 5 dövlət teatrının stasionar binası yoxdur. Belə ki, regionlarda fəaliyyət göstərən 4 teatr rayon mədəniyyət evinin, Bakıda yerləşən Yuğ Dövlət Teatrı isə Azərbaycan Dövlət Kukla Teatrının binasında müvəqqəti yerləşdirilib. Bu baxımdan hazırda ADO teatrının bina ilə təmin olunma məsələsi nazirliyin imkanları xaricindədir”.
Milli Məclisin Mədəniyyət Komitəsinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Komitə sədri Qənirə Paşayeva, sədr müavini Fazil Mustafa zənglərə cavab verməyib.